Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında VIII Respublika Robot Olimpiadasının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, bu günün xüsusi məna daşıması həm tarixi hadisələrlə bağlıdır, həm də gənclərin üzərinə düşən məsuliyyətin daha dərindən dərk olunmasına xidmət edir: “Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır və gənc nəslin qarşısında iki mühüm vəzifə dayanır: bilikli, savadlı, bacarıqlı gənclərin yetişdirilməsi və yüksək vətənpərvərlik ruhunda formalaşmaları. Vətənə xidmət yalnız silahla müdafiə ilə məhdudlaşmır, həm də sağlam həyat tərzi, qadın və gənclərin sağlamlığının qorunması, ölkənin tərəqqisinə xidmət etməklə ifadə olunur. Müasir dövrdə gənclərin yüksək texnologiyalar, elmi biliklər və təhlükəsizlik sahəsində kompetensiyalar əldə etməsi xüsusi əhəmiyyət kəsb edir”.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov isə deyib ki, bu yarışlarda iştirak gənclərin bilik və bacarıqlarının inkişafına, komandada işləmək bacarıqlarına, onların müasir texnologiyalara maraq göstərməsinə və problemlərin həllinə yönəlməsinə şərait yaradır. Onun sözlərinə görə, xüsusilə robot texnologiyaları üzrə olimpiadalar təkcə məktəblilərin fənlər üzrə biliklərinin dərinləşməsinə deyil, həm də yaradıcı yanaşmaların, analitik düşüncə və innovativ həllərin formalaşmasına xidmət edir.
“Belə tədbirlər gənclərin gələcəkdə iqtisadiyyatın innovasiya yönümlü sahələrinə marağını artırır və onların inkişafına təkan verir. Hesab edirəm ki, bu yarışlarda iştirak edən hər bir komanda ölkəmiz üçün dəyərli təcrübə qazanır”, – deyə R.Xalıqov vurğulayıb.
Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi və mentoru Rəhman Rəsulzadə çıxışında gənclərin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O bildirib ki, bu yarışın əsas qalibi yalnız mükafatçılar deyil, həm də ideyalarını reallığa çevirərək yeni layihələr təqdim edən bütün iştirakçılardır.
“Azərbaycan 2017-ci ildən robot texnologiyaları üzrə beynəlxalq hərəkatda 17 komanda ilə iştirak etməyə başlayıb. Hazırda isə 20-dən çox bölgədən 500-dən artıq gənc bu prosesə cəlb olunub. Bu isə dövlətin dəstəyi ilə robot texnologiyalarına marağın ildən-ilə artmasının bariz nümunəsidir”, - deyə R.Rəsulzadə vurğulayıb.
AREA-nın təsisçisi gənclərin uğur hekayələrindən birini də iştirakçılarla bölüşüb: “Belə ki, ötən il kənd təsərrüfatı sahəsinə aid təqdim edilən layihə Robot olimpiadasının əsas mərhələsində ilk üçlükdə yer almasa da, dövlət qurumlarının və şirkətlərin marağına səbəb olub. Nəticədə layihə dəvət alaraq inkişaf etdirilib və Azərbaycan Prezidentinin himayəsi altında keçirilən COP29 çərçivəsində sərgidə təqdim olunub. Sonradan bu təşəbbüs kənd təsərrüfatı sahəsində startap layihəyə çevrilərək ölkədə fəaliyyətə başlayıb.
Bu nümunə göstərir ki, robot olimpiadaları təkcə yarış deyil, həm də gənclərin ideyalarını reallığa çevirmək üçün böyük imkanlar yaradır. Əminik ki, bu il də saysız-hesabsız uğur hekayələri olacaq”, – deyə R.Rəsulzadə qeyd edib.
Tədbirdə bildirilib ki, yarışın test mərhələsi artıq başa çatıb. Sabah isə komandalar arasında gərgin mübarizə olacaq.
Milli Gimnastika Arenasında 3 gün davam edəcək Olimpiadada 4 kateqoriya üzrə 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya - “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” üzrə yarışacaqlar. Ümumilikdə bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Komandaların hazırlıq səviyyəsinin monitorinqindən sonra 153 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalardan seçilmiş 50 iştirakçı və 20 təlimçi üçün “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” tərəfindən layihələrini inkişaf etdirmələri üçün təlimlər təşkil olunub.
Qeyd edək ki, VIII Respublika Robot Olimpiadasında qalib olmuş komandalar bu il noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Açılış mərasimi bədii hissə ilə davam edib. Səhnədə müxtəlif rəqs qrupları çıxış edib, robotların rəqsi və dron şou tamaşıçılar tərəfindən maraqla qarşılanıb.