Naxçıvan şəhərindəki Xatirə Muzeyində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün 27 Sentyabr - Anım Günü ilə bağlı onlayn dərs keçilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, onlayn dərsi Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov aparıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Silahlı Qüvvələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxıb və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq, Vətənimizin ərazi bütövlüyünü təmin edib.
Dərsdə rəşadətli ordumuzun Zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhrəmanlığından da bəhs olunub.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri haqqında şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Qeyd edək ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur.