“İmmun sistemi orqanizmin ən güclü müdafiə mexanizmidir” - HƏKİM DANIŞDI

26 Sentyabr 2025 16:40 (UTC+04:00)

“İnsan hər gün fərqinə varmadan minlərlə virus, bakteriya və digər mikroorqanizmlə təmasda olur. Bəs necə olur ki, hər dəfə xəstələnmirik? Cavab sadədir: immun sistemi sayəsində. İmmun sistemi – orqanizmin ən güclü müdafiə mexanizmi, sağlamlığımızın əsas sütunudur. İmmun sistemini bədənin “ordu”su adlandırmaq olar. Bu ordu müxtəlif “əsgərlərdən” – ağ qan hüceyrələrindən, limfa düyünlərindən, dalaqdan, sümük iliyindən və xüsusi qoruyucu molekullardan ibarətdir. Onların hər biri yad mikrobları tanıyır, məhv edir və gələcəkdə həmin təhlükəni yadda saxlayaraq təkrar hücum zamanı daha sürətli reaksiya göstərir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

Güclü immun sistemi infeksion xəstəliklərin qarşısında bədənin əsas silahıdır: “Onun rolu bir neçə istiqamətdə özünü göstərir: Patogen orqanizmə daxil olduqda güclü immun sistemi dərhal müdaxilə edir və xəstəliyin başlamasına imkan vermir. Güclü immun sistemi olan şəxslərdə qrip, soyuqdəymə, hətta bəzi virus infeksiyaları daha yüngül keçir və tez sağalma müşahidə olunur. İmmuniteti zəif şəxslərdə sadə infeksiya belə pnevmoniya və ya sepsis kimi ağırlaşmalara səbəb ola bilər. Sağlam immun sistemi peyvəndlə verilən zəifləmiş və ya inaktiv mikrobu “tanıyır”, yadda saxlayır və real təmas zamanı onu tez bir zamanda məhv edir. İmmunitetin zəiflədiyini göstərən əlamətlər bəs hansılardır?

Tez-tez xəstələnmək (il ərzində 4–5 dəfədən çox soyuqdəymə, qrip), xəstəliklərin uzun çəkməsi və ya ağırlaşması, yaraların, xırda zədələrin gec sağalması,daim halsızlıq, yorğunluq, yuxu keyfiyyətinin pozulması,ağızda tez-tez aftaların əmələ gəlməsi və göbələk infeksiyalarına meyllilik,dəri problemləri və ya saç tökülməsinin artması,allergik reaksiyaların çoxalmasıdır.

İmmunitetimizin qüvvətini necə artıra bilərik? - Düzgün qidalanma və balanslaşdırılmış qidalanma– meyvə, tərəvəz, balıq, qoz-fındıq, süd məhsulları və tam taxıllar immun sistemi gücləndirir. Kifayət qədər yuxu – hər gecə 7–8 saat yuxu immun hüceyrələrin bərpası üçün vacibdir. Fiziki aktivlik – müntəzəm hərəkət qan dövranını yaxşılaşdırır və immun cavabı aktivləşdirir. Stressin azaldılması – uzunmüddətli stress immuniteti zəiflədir.Zərərli vərdişlərdən uzaq durmaq – siqaret və alkoqol immun hüceyrələrin fəaliyyətini zəiflədir. Peyvəndlər və profilaktik müayinələr – yoluxucu xəstəliklərin qarşısını vaxtında alır. İmmun sistemi güclü olan insanlar infeksion xəstəliklərə qarşı daha davamlıdır, xəstəlikləri yüngül keçirir və daha tez sağalır. Ona görə də sağlam həyat tərzi, düzgün qidalanma və vaxtında tibbi nəzarət hər kəs üçün ən etibarlı qoruyucu tədbirdir”.