Sentyabrın 27-si yaddaşlarda əbədi iz buraxıb - FOTOLAR

26 Sentyabr 2025 15:55 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. BDU-dan SİA-ya bildirilib ki, əvvəlcə əməkdaşlar 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidə və universitetin şəhid məzunlarına həsr olunmuş guşəni ziyarət edib, önünə əklil qoyub, gül dəstələri düzüblər.

Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, bu il şanlı Zəfərimizin 5 ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma başladı. Düşmən tapdağında olan rayonlarımız, şəhər və qəsəbələr, yüzlərlə kənd, strateji əhəmiyyət daşıyan yüksəkliklər ildırım sürətli döyüşlərlə, hər gün qazanılan qələbələrlə düşməndən təmizləndi. Şəhidlərimizin qanı ilə sulanan əzəli torpaqlarımızda üçrəngli bayrağımız əbədi olaraq dalğalandırıldı. Vətən müharibəsi zamanı öz sərkərdəsi, Prezidenti yanında yumruq kimi birləşən Azərbaycan xalqı birliyi və fədakarlığı ilə dünyaya səs saldı. Azərbaycan Ordusu dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi: “Vətən müharibəsinin başladığı 27 sentyabr Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu günün təsis olunması Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizə ehtiramın ifadəsidir.

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı, heç bir gün çəkməyən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Vaxtilə erməni hərbi birləşmələrinin xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri yüksək sürətlə davam edir”.

Rektor bildirib ki, 44 günlük Vətən müharibəsində BDU-nun yüzlərlə məzunu da iştirak edib, şücaət göstərib, onlardan 22-si şəhidlik zirvəsinə ucalıb: “Biz qəhrəman igidlərimizlə qürur duyuruq. Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur”.

Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev, Pərvin Kərimzadə, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Sərxan Veysəlli xalqın eyni amal uğrunda mücadiləyə qalxdığı və qəhrəmanlıq tarixinin başlanğıcı olan bu günün yaddaşlarda əbədi iz buraxdığını bildiriblər. Çıxışlarda xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyi, müqəddəs şəhidlərimizin xatirəsinin əbədi yaşayacağı bildirilib.

Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.