Azərbaycan Universitetində şəhidlərimizin xatirəsi anılıb - FOTOLAR

26 Sentyabr 2025 15:45 (UTC+04:00)

Azərbaycan Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, artıq beş ildir qeyd olunan Anım Günü Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib. Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur, bu gün hər bir azərbaycanlının ürəyində böyük qürur və fəxarət, şəhidlərin xatirəsinə dərin hörmət və sonsuz ehtiram var. Bu gün hər bir ölkə vətəndaşı rəşadətli Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyur.

Anım tədbirində universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış edib. Prorektor çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başlatdığı, sonradan “Dəmir yumruq” adını alan və Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatının səbəb və nəticələrinə toxunub. 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına və böyük Zəfərin qazanılmasının əsas amillərinə diqqət çəkən Yusif Qasımov qeyd edib ki, Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından tarixdə görünməmiş sürətlə və sevgiylə azad etməsi xalqın birliyinin, Azərbaycan əsgərinin mübarizliyinin və Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir. Prorektor Anım Gününün təsis olunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, gənclər həm şəhidlərimizin xatirəsini əziz tutmalı və qorumalı, həm də Azərbaycanın daha da güclənməsinə töhfə vermək üçün çalışmalıdırlar.

Daha sonra tədbirin qonağı, Qarabağ müharibəsi veteranı, jurnalist, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovun çıxışı dinlənilib. Şöhrət Eyvazov çıxışında Vətən müharibəsi dövründə xalqın informasiya ilə təmin edilməsinin vacibliyini vurğulayıb, Azərbaycan jurnalistlərinin həmin dövrdəki fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Müharibə təcrübəsini tələbələrlə bölüşən jurnalist cəbhədən hazırladığı material və reportajları təqdim edib, Qarabağ müharibəsinin həyatında ən böyük məktəb olduğunu bildirib. Şöhrət Eyvazov birinci və ikinci Qarabağ müharibələrində öz peşə vəzifəsini yerinə yetirərkən şəhid olan jurnalistlər haqqında da məlumat verib, 1988-2020-ci illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn bütün qəhrəmanları, həmçinin media şəhidlərini xatirəsini yad edib.