“Robot Olimpiadası gənclərin vətənpərvər ruhda formalaşmasına böyük töhfə verir” - İndira Hacıyeva

26 Sentyabr 2025 15:34 (UTC+04:00)

“Tədbir, ilk növbədə, istedadlı və bacarıqlı gənclərin yetişməsinə xidmət edir. Eyni zamanda, vətənpərvər gənclərin formalaşması və hazırlanmasında da mühüm rol oynayır. Vətənpərvərlik yalnız əlində silahla vətəni qorumaq deyil, bütün bacarıq və potensialını öz ölkəsinə xidmətə yönəltməkdir. Bu günlərdə bilik, savad və xüsusilə yüksək texnologiyalar sahəsində uğurlar hər bir dövlət üçün vacibdir”. SİA xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva Milli Gimnastika Arenasında keçirilən VIII Respublika Robot Olimpiadasının açılış mərasimində səsləndirib.

Nazir müavini bildirib ki, 2017-ci ildən etibarən ölkənin hər bir bölgəsində robototexnikaya və mühəndisliyə maraq göstərən gənclərin sayı sürətlə artıb və artıq bu, geniş hərəkat xarakteri alıb: “Bu illər ərzində minlərlə gənc bu sahəyə qoşulub. Bu, Azərbaycanın gələcəyi üçün çox mühüm göstəricidir. Bu tədbirdə iştirak edən bütün gəncləri ürəkdən təbrik edirəm. Onların müəllimlərinə, valideynlərinə və təlimçilərinə xüsusi təşəkkürümü bildirirəm”.

İndira Hacıyeva çıxışının sonunda əlavə edib ki, Olimpiadada qazanılan uğurlar təkcə milli səviyyədə deyil, beynəlxalq miqyasda da Azərbaycanın adının yüksəlməsinə xidmət edəcək: “Əgər son illərdə komanda üzvlərimiz artıq 2-ci və 3-cü yerləri qazanıblarsa, indi 1-ci yer uğrunda mübarizə aparmağın vaxtıdır. İnanıram ki, gənclərimiz bunu bacaracaq və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər”.