"Azərbaycan xalqının Zəfəri təkcə hərbi qələbə deyil,.." - RƏY BİLDİRİLDİ

26 Sentyabr 2025 15:16 (UTC+04:00)

"27 Sentyabr Anım Günü Azərbaycan tarixində dərin simvolik məna daşıyır. Bu gün ilk növbədə Vətən müharibəsində canlarını qurban verən qəhrəman övladlarımızın xatirəsinin əziz tutulması, xalqımızın həmrəyliyinin nümayişi kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Anım Günü yalnız kədər və hüznlə deyil, həm də Azərbaycanın tarixi Qələbəsinin - ərazi bütövlüyümüzün bərpasının təntənəsi ilə bağlıdır. Bu, həm milli kimliyimizin güclənməsinə, həm də xalqımızın dövlətinə bağlılığının artmasına xidmət edir: "Siyasi müstəvidə isə bu günün rəsmi şəkildə qeyd olunması Azərbaycanın beynəlxalq münasibətlərdə haqlı mövqeyinin təsdiqi kimi çıxış edir. Xatırlatmaq lazımdır ki, Azərbaycan öz torpaqlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq azad etmiş, BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini öz gücü ilə həyata keçirmişdir. Bu fakt Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmış və ölkəmizi regionda güc mərkəzinə çevirmişdir. Eyni zamanda, 27 Sentyabr Anım Günü gələcək nəsillər üçün mühüm bir dərsdir. Bu gün həm gənclərə vətənpərvərlik ruhunu aşılayır, həm də göstərir ki, milli birlik və liderlik olduğu təqdirdə ən çətin problemlərin belə həlli mümkündür. Azərbaycan xalqının Zəfəri təkcə hərbi qələbə deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin təntənəsidir.

Beynəlxalq kontekstdə isə 27 Sentyabr Azərbaycanın regionda yeni siyasi reallıqlar yaratdığını göstərir. Bu reallıqlar nəticəsində ölkəmiz Cənubi Qafqazda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi tanınır. Bu, həm regional layihələrdə, həm də qlobal təhlükəsizlik sistemində Azərbaycanın mövqeyini gücləndirir". Nəticə etibarilə, 27 Sentyabr Anım Günü həm şəhidlərimizin xatirəsinə ehtiramın, həm də Azərbaycanın qazandığı Zəfərin beynəlxalq miqyasda təsdiqinin simvoludur. Bu gün dövlətimizin gücünü, xalqımızın iradəsini və gələcəyə inamını bir daha nümayiş etdirir.