“Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda seminar keçirilib - YENİLƏNİB - FOTOLAR

26 Sentyabr 2025 14:39 (UTC+04:00)

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar və dövlət suverenliyinin təminatında prokurorluq orqanlarının rolu ilə bağlı sentyabrın 26-da Bakı Şəhər Prokurorluğunda “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda seminar təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak ediblər.

Seminar iştirakçıları prokurorluq fəaliyyətinin müasir tələblərini, vətəndaşlarla qarşılıqlı münasibətlər və hüquqi maarifləndirmə istiqamətlərini ətraflı öyrənmək imkanı əldə ediblər.

Seminarı giriş sözü ilə açan Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov tədbirin əhəmiyyətindən danışıb. O, seminarın əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaq olduğunu vurğulayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminar iştirakçılarına hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və prokurorluğun dövlət suverenliyinin təminində rolu” mövzusunda çıxış edərək seminar iştirakçılarını ətraflı məlumatlandırıb. O, çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində prokurorluq fəaliyyətinin prioritet istiqamətlərini xüsusi vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib. Eyni zamanda, hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq edilən prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara geniş təqdimat verilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi, dosent, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev çıxış edərək dövlətçilik ənənələrinin möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin zəruriliyini, prokurorluğun bu istiqamətdə mühüm rolunu diqqətə çatdırıb.

Seminar interaktiv formatda davam edib. Tələbələr çıxışçılara hüquqi sahədə maraqlandıran suallar ünvanlayaraq ətraflı cavablar əldə ediblər. Eyni zamanda, seminar zamanı prokurorluq işinin praktiki nüansları, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində real təcrübələr təqdim olunub.