Sentyabrın 26-da "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb. SİA xəbər verir ki, forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə həyata keçirilir. Əvvəlcə qonaqlar sarayın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.
Forumda açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival artıq musiqi həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O bildirib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən genişmiqyaslı Tədbirlər Planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, böyük bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur.
Nazir müavini deyib: "Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum bu gün növbəti dəfə dəyərli elm və sənət xadimlərini bir araya toplayıb. İki paneldən ibarət bu forumda siz Üzeyir Hacıbəyli yaradıcılığının qlobal aləmdə - Şərq və Qərbdə təcəssümü, onun dünya musiqi sənətində mövqeyi barədə mülahizələrin və diskussiyaların şahidi olacaqsınız. Dahi bəstəkarın yaradıcılığına daha fərqli prizmadan baxış imkanları olacaq. Forumda yerli tədqiqatçılar, elm adamları ilə bərabər xarici qonaqlar da sizinlə öz fikirlərini paylaşacaqlar".
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib ki, biz buraya dahi bəstəkar, mütəfəkkir və maarifçi – Üzeyir Hacıbəylinin zəngin irsini müzakirə etmək üçün toplaşmışıq. Onun adı dünya musiqi mədəniyyəti tarixinə əbədi yazılmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı Şərqlə Qərbin vəhdətinin simvoluna çevrilib.
Müsəlman dünyasında ilk operanı yaratmaqla o, milli musiqinin dünya mədəniyyətində layiqli yer tuta biləcəyini sübut edib. Onun əsərləri Azərbaycan musiqisini yüksəltmiş, türk xalqlarının ortaq mədəni dəyərlərini gücləndirib və onları dünya irsinin bir hissəsinə çevirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti deyib: “Üzeyir Hacıbəylinin irsi türk dünyasının mənəvi birliyinə xidmət edir. Azərbaycan hökumətinə, o cümlədən Mədəniyyət Nazirliyi və digər qurumlara, Üzeyir Hacıbəylinin 140 illiyinin ölkədə və ölkədən kənar böyük təntənə ilə qeyd olunmasına görə təşəkkürümü bildirirəm”.
ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan vurğulayıb ki, Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir deyil. O, musiqi və incəsənətin nəfəs aldığı qlobal bir platformadır, Azərbaycanın sivilizasiya missiyasını dünyaya çatdıran bir məkandır. “Bu festival dərin məna daşıyır: o, böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Festival eyni zamanda dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır.
Bu festival bütöv bir simfoniya kimidir: keçmiş, bu gün və gələcək harmoniyada birləşir, sülhün nəğməsi səslənir, mədəniyyətin millətləri birləşdirən böyük gücü təcəssüm olunur. Çünki mədəniyyət sadəcə lüks deyil, o, xalqlar arasında körpü yaradan, əməkdaşlığa yeni üfüqlər açan yumşaq qüvvədir”,- deyə ICESCO-nun Bakı ofisinin rəhbəri vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti professor Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışlarında Üzeyir Hacıbəylinin əbədiyaşar irsindən danışıblar.
Sonra forum iştirakçıları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videomaterialı izləyiblər.
Forum işini panel sessiyalarla davam etdirib.