"Qeyri-peşəkarların tövsiyələri sağlamlığımıza zərər verə bilər" - EKSPERT AÇIQLADI

26 Sentyabr 2025 12:46 (UTC+04:00)

"Dünya Səhiyyə Təşkilatı duz və şəkəri “ağ ölüm” adlandırır. Bu, insanların sağlamlığında yaratdığı fəsadlar və risklər barədə günlərlə danışmağı tələb edən ciddi problem olaraq qalır". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, ən əsas məqamlardan biri qəbul etdiyimiz duzun və şəkərin tərkibidir. Hərçənd kimyəvi formul eyni olsa da, bu məhsullara qatılan digər kimyəvi maddələr və qatqılar barədə əksər hallarda məlumatsızıq: "Bu gün artıq çəki, ürək-damar problemləri, tromblaşma və erkən ölüm halları geniş yayılıb. Xüsusilə 40-55 yaş aralığında insanların dünyasını dəyişməsinin əsas səbəblərindən biri tromblaşmadır. Amma biz əsas səbəbləri araşdırmaq əvəzinə, nəticə ilə əməliyyat, damar açılması və s. mübarizə aparırıq.

Əsas səbəblərdən biri isə həddindən artıq duz və şəkər qəbuludur. Bu, sadəcə səhər yeməklərində və naharda deyil; paketlənmiş məhsullar, hazır souslar, fast-foodlar, dönərlər, müxtəlif yarımfabrikatlar və hazır yeməklərdən də yüksək dozada qəbul edilir. Bu məhsullar dadlandırıcı kimi normadan artıq duz və şəkər ehtiva edir. Məsələn, evdə hazırladığımız yeməkləri uşaqlar çox sevmir, amma dönər və fast-food daha çox xoşlarına gəlir. Səbəb sadədir — həmin yeməklərdə duz və ədviyyatlar normadan artıq istifadə olunur və bu da xüsusi ağız dadı yaradır.

Digər tərəfdən, şəkər təkcə çayda deyil. Qazlı içkilər, şirəli içkilər, hazır şirniyyatlar da çox yüksək miqdarda şəkər ehtiva edir. Bu isə qaraciyərin yüklənməsinə, damarların tutulmasına və xüsusən də uşaqlarda II tip şəkər xəstəliyi riskinin artmasına gətirib çıxarır. Əvvəllər bu xəstəlik yaşlı insanlarda rast gəlinirdisə, indi məktəbyaşlı uşaqlarda da geniş yayılıb. Bunun qarşısını almaq mümkündür. Duz əvəzinə təbii turşulardan, məsələn limondan istifadə etmək olar. Şəkər əvəzinə meyvələrdən və meyvə qurularından yararlanmaq tövsiyə olunur. Şirəli içkilər əvəzinə su içmək daha faydalıdır. Nəhayət, pəhriz və sağlam qidalanma ilə bağlı məsləhətləri yalnız həkimlərdən almaq lazımdır. Özünü “mütəxəssis” kimi təqdim edən qeyri-peşəkarların tövsiyələri sağlamlığımıza zərər verə bilər. Nəticə olaraq, duz və şəkəri həyatımızdan tam çıxarmasaq da, qəbulunu azaltmaqla ciddi fəsadların qarşısını almaq mümkündür".