Bakı şəhəri, Xətai rayonunda yerləşən "Kolorit" restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.