"Futbolun populyarlığı digər idman növlərinə təsir baxımından ikili xarakter daşıyır və bu məsələyə real yanaşdıqda həm gücləndirici, həm də müəyyən hallarda zəiflədici təsirlərdən danışmaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, futbol dünyanın ən populyar idman növlərindən biridir və Azərbaycanda da geniş kütlələr tərəfindən maraqla izlənilir: "Futbolun populyarlığı sayəsində idmana ümumi maraq artır, insanlar daha çox idman mədəniyyətinə yönəlir, bu isə digər sahələrə də dolayı yolla dəstək verir. Futbolun inkişafı üçün yaradılan infrastruktur, stadionlar, təlim-məşq bazaları və hətta kütləvi idman tədbirləri digər idman növlərinin də istifadəsinə açıq olur ki, bu da onların inkişafı üçün əlavə imkanlar yaradır.
Digər tərəfdən, futbolun populyarlığı sponsorluq və media diqqətinin daha çox bu sahəyə yönəlməsinə səbəb olur. Bu isə bəzi hallarda digər idman növlərinin kölgədə qalmasına, onların maliyyə və informasiya baxımından daha zəif dəstək almasına gətirib çıxarır. Yəni, futbolun böyük populyarlığı bəzi idman növlərinin inkişaf tempini zəiflədə bilər. Lakin burada əsas məsələ balanslı idman siyasətinin qurulmasıdır. Dövlətin və idman federasiyalarının düzgün strategiyası həm futbolu, həm də digər idman sahələrini paralel inkişaf etdirməyə imkan verir. Futbolun populyarlığı təkbaşına digər idman növlərini zəiflətmir. Əksinə, düzgün idarəçilik, resursların bölüşdürülməsi və koordinasiyalı fəaliyyət nəticəsində futbolun yaratdığı maraq və infrastruktur digər idman növlərinin də inkişafına güclü stimul verə bilər. Beləliklə, məsələ daha çox idarəetmə yanaşmasından və dövlət-idman siyasətinin düzgün istiqamətləndirilməsindən asılıdır".