Tramp Vaşinqtonda ölüm hökmünü bərpa etdi

26 Sentyabr 2025 02:45 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm cəzasının tətbiqi ilə bağlı sərəncam imzalayıb. SİA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“The Guardian” yazıb ki, Tramp bu şəhərdə ölüm hökmünün geri qaytarıldığını elan edərkən söz verib ki, qətl törədən hər kəs ölüm cəzası ilə üzləşəcək. O, bunun təsirli bir profilaktik tədbir olduğunu iddia edib.

ABŞ paytaxtında sonuncu edam 1957-ci ildə həyata keçirilib. 1981-ci ildə Vaşinqton Şəhər Şurası şəhərdə ölüm hökmünü tamamilə ləğv edib. Tramp Kolumbiya dairəsinin xüsusi statusu və federal nəzarəti sayəsində şuranın qərarını ləğv edə bilib. ABŞ Prokurorluğu və Ədliyyə Departamenti prezidentin Kolumbiyada ölüm hökmünün bərpası haqqında sərəncamının icrasına cavabdeh olacaq.

Trampın qərarını tənqid edənlər qeyd edirlər ki, hakimlər məhkəmənin bütün mərhələlərində qaradərili müttəhimlərə qarşı qərəzli olurlar. Ölüm cəzası İnformasiya Mərkəzinin məlumatına görə, son 50 ildə ABŞ-da 200 nəfər ölüm hökmündən bəraət alıb. Onlardan 108-i qaradərili idi.

ABŞ-da ölüm hökmü 50 ştatdan 27-də qüvvədədir. Ən çox cənubda - Utah, Arizona, Florida və digər 13 ştatda tətbiq olunur. Altı ştat ölüm cəzasına qanuni olaraq icazə verir, lakin ona moratorium qoyub.

2021-ci ildə ABŞ prezidenti Co Bayden federal məhkəmə işlərində edamlara moratorium qoyub. Tramp Ağ Evə qayıdan gün bu moratoriumu ləğv edib.