Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və onun Bakı bölməsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Milli qəhrəmanlıq və tarixi yaddaş” adlı tədbir keçirilib.
SİA-nın məlumatına görə, rəsədxanadan bildirilib ki, tədbirdə baş direktor AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək Vətən müharibəsində qazanılan Qələbəni ölkəmizin ən böyük hərbi-siyasi uğuru kimi dəyərləndirib. O, hazırda Qarabağda quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışın uğurla həyata keçirildiyini qeyd edib. Baş direktor, həmçinin deyib ki, rəsədxana rəhbərliyi də müharibə iştirakçılarını, şəhid ailələrini və qaziləri daim diqqətdə saxlayır.
Tədbirdə Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri Kamal Hüseynov və Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri Canməmməd Rüstəmov çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün qərarlarının 44 günlük müharibədə, eləcə də Xankəndinin 23 saat ərzində separatçılardan azad edilməsində həlledici rol oynadığı vurğulanıb.
Şamaxı bölməsində keçirilən tədbirdə isə baş mühəndis Zaur Ağayev, rəsədxananın Həmkarlar İttifaqı Təşkilatının sədri Aynurə Həsənova, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri Nazim Hüseynov çıxış ediblər. Çıxışlarda Anım Gününün qeyd olunmasının gənclərdə vətənpərvərlik ruhunun güclənməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra rəsədxananın əməkdaşı - Vətən müharibəsi iştirakçısı Fuad Cəlilov döyüş xatirələrini bölüşüb. O, müharibədə hər an təhlükə ilə üz-üzə qalan döyüşçülərin böyük qətiyyət göstərdiklərini vurğulayıb. Qeyd edək ki, Fuad Cəlilov “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunub.
Sonda Şamaxı şəhidlər xiyabanı ziyarət edilib.