"Azərbaycanda konfet və digər şirniyyat məhsullarının istehsalı ilə məşğul olan bir sıra yerli zavodlar mövcuddur. Bu müəssisələr əsasən karamel, draje, vafli, marmelad və müxtəlif növ konfetlər istehsal edirlər. Yerli bazarda bu məhsulların payı nəzərəçarpacaq dərəcədədir və bəzi brendlər artıq istehlakçılar arasında tanınmış və sevilmiş adlara çevriliblər. Lakin bu sahədə müəyyən boşluqlar da mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında AİB-nin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, “plitka” adlandırılan klassik forma şokoladların (qalın, kvadrat formasında olan şokolad lövhələri) istehsalı Azərbaycanda demək olar ki, yox səviyyəsindədir. Bu cür şokoladlar əsasən xarici ölkələrdən, xüsusilə də Rusiya, Türkiyə, Almaniya, Belçika və İsveçrə kimi şokolad istehsalında qabaqcıl ölkələrdən idxal olunur. Bu da yerli bazarda həmin məhsulların qiymətinin yüksək olmasına səbəb olur. Xüsusilə də tərkibində yüksək faizli kakao olan, təbii yağlardan hazırlanan keyfiyyətli şokoladlar baha qiymətə satılır və hər istehlakçının büdcəsinə uyğun olmur.
Əsl şokoladın istehsalı üçün lazım olan əsas xammallar – kakao lobyası, kakao yağı və digər komponentlər – Azərbaycanda yetişmədiyi üçün bu məhsullar idxal olunur. Bu isə şokolad istehsalının maya dəyərini artırır və yerli zavodlar üçün əlavə iqtisadi çətinliklər yaradır. Digər tərəfdən, bu sahədə texnoloji avadanlıqların və ixtisaslı kadrların çatışmazlığı da geniş miqyaslı istehsalın qarşısında maneə kimi dayanır.
Yerli bazarda mövcud potensiala və şokolada olan tələbatın yüksəkliyinə baxmayaraq, “plitka” şokoladların istehsalı hələ də tam olaraq inkişaf etməyib. Bu isə həm sahibkarlar, həm də dövlət qurumları üçün gələcəkdə inkişaf etdirilə biləcək perspektivli bir sahə kimi görünür. Əgər bu sahəyə investisiya qoyuluşları artırılsa, müasir texnologiyalar tətbiq edilsə və xammal təchizatı üzrə davamlı təchizat zənciri qurulsa, Azərbaycanda da keyfiyyətli “plitka” şokoladların istehsalını həyata keçirmək mümkündür.
Nəticə etibarilə, yerli şokolad istehsalı hələ ki, əsasən konfet və digər sadə şirniyyat növləri ilə məhdudlaşır. Lakin ölkədə şokolad məhsullarına olan maraq və istehlak səviyyəsi nəzərə alınarsa, bu sahədə irəliləyişlərə nail olmaq mümkündür. Bu həm daxili bazarın təminatı, həm də ixrac potensialının artırılması baxımından mühüm rol oynaya bilər".