Azərbaycan beynəlxalq miqyasda əməkdaşlığın fəal təşəbbüskarıdır

25 Sentyabr 2025 17:52 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində qlobal çağırışların artdığı və yeni geosiyasi konfiqurasiyaların formalaşdığı bir dövrə təsadüf edir. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə ehtimal edilən çıxışı yalnız ölkəmizin milli maraqlarını deyil, həm də beynəlxalq ədalətin, hüququn və çoxtərəflilik prinsipinin müdafiəsini əhatə edən strateji bir siyasi mövqeyi ifadə edəcək. Dövlətimizin başçısının BMT tribunasından çıxışı Azərbaycanın postmünaqişə dövründə regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması nöqteyi-nəzərindən də xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin öz çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpası ilə bölgədə yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkərək xüsusi mesajlar verəcəyi gözlənilir. Məhz bu çıxış Azərbaycanın beynəlxalq sistemdəki yerini və prinsipial mövqeyini növbəti dəfə təsdiqləyəcək mühüm təsirlərə malik olacaq. Heç şübhəsiz ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri təkbaşına və tam şəkildə icra etməsi faktı beynəlxalq hüquqa və təşkilatların legitim qərarlarına hörmətin real nümunəsidir. Bu reallıq isə öz növbəsində onu göstərir ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti yalnız regional deyil, eləcə də qlobal miqyasda qəbul olunur və dəstəklənir.

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, sessiya çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, xüsusilə də nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemdə etibarlı tərəfdaş kimi tanındığını açıq şəkildə nümayiş etdirdi. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu görüşlərin hər biri qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu isə Azərbaycanın artan geosiyasi əhəmiyyətinin və Prezident İlham Əliyevin qlobal miqyasda liderlik xüsusiyyətlərinin təqdir olunduğunun bariz nümunəsidir.

“Heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramı, yaşıl enerji zonalarının yaradılması və Zəngəzur dəhlizi layihəsi yalnız daxili iqtisadiyyat üçün deyil, regionun geoiqtisadi mənzərəsi üçün də strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın Cənubi Qafqazda aparıcı aktor rolunu möhkəmləndirməklə yanaşı, onu Avrasiya məkanında mühüm nəqliyyat, enerji və logistik mərkəzə çevirir. Digər tərəfdən isə Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal ekoloji və enerji gündəliyinə verdiyi strateji töhfənin bariz nümunəsidir. Belə ki, bu tədbirə hazırlıq çərçivəsində həyata keçirilən təşəbbüslər, yaşıl enerji və bərpaolunan enerji sahəsində uğurlu şəkildə icra olunan layihələr Azərbaycanın ekoloji dayanıqlılığa verdiyi önəmi nümayiş etdirir. Beləliklə, dövlətimizin iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe bir daha sübut edir ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi bu sahədə də məsuliyyətli beynəlxalq tərəfdaş kimi çıxış edir. Həmçinin Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı addımlar bir daha təsdiqlədi ki, ölkəmiz qlobal ədalətin, suverenliyə hörmətin və bərabərlik prinsipinin müdafiəsində ardıcıl və prinsipial mövqeyə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələrin maraqları qlobal gündəliyə daxil edilib, eləcə də bu ölkələrin beynəlxalq platformalarda daha fəal təmsil olunması üçün real mexanizmlər işə salınıb”, - deyə A.Qurbanova vurğulayıb.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, milli maraqlara əsaslanan və müstəqil xarici siyasət strategiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirən mühüm hadisədir. Eyni zamanda, dövlətimizin başçısının belə mötəbər tədbirdə iştirakı Azərbaycanın qlobal təhlükəsizlik, dayanıqlı inkişaf, beynəlxalq hüquq və ədalət məsələlərində təşəbbüskar, məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycan bu gün yalnız regional deyil, həm də beynəlxalq miqyasda siyasi dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və təşəbbüskarıdır. Bu strateji mövqe isə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli maraqlara söykənən diplomatik xətti və beynəlxalq legitimliyə əsaslanan siyasəti nəticəsində formalaşıb.