Politico: "Avropanın sözdən hərəkətə keçmə vaxtıdır..."

25 Sentyabr 2025 17:54 (UTC+04:00)

...Rusiya on ildən artıqdır ki, Ukraynaya qarşı açıq müharibə aparır, 2022-ci ildən isə genişmiqyaslı işğala məruz qalır. Lakin Ukrayna Kremlin bütün Avropaya qarşı apardığı geniş kampaniyanın yalnız bir hissəsidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazır.

Rusiya pilotsuz təyyarələrinin Polşa və Rumıniya üzərində uçuşu ilə bağlı son insidentlər, eləcə də Rusiyanın MiQ-31 qırıcılarının Estoniya hava məkanını keçməsi Moskvanın NATO birliyini sınaqdan keçirmək, Kiyevə hərbi yardıma ictimai dəstəyi sarsıtmaq, Avropa və ABŞ-ı parçalamaq niyyətində olduğunu göstərir.

Uzun müddət Avropa paytaxtları Rusiyanın hərəkətlərini – kiberhücumları, təxribatları, dezinformasiya kampaniyalarını və sui-qəsd cəhdlərini güclü hərbi reaksiya tələb etməyən “boz zona” kimi qəbul etməyə üstünlük verdilər.

Lakin Moskva üçün nəticələrin olmaması Kremli eskalasiyaya təkan verdi.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2023-cü ildə Ukraynaya yardımla bağlı Avropa infrastrukturuna hücumların sayı kəskin artıb.Yalnız Donald Tramp Ağ Evə qayıtdıqdan sonra onların intensivliyi səngidi, çünki Moskva ABŞ-ın Kiyevə dəstəyini zəiflətməyə ümid edirdi.

Bununla belə, Avropa silah tədarükünü, maliyyə yardımını artıraraq, Rusiyanın aktivlərinin müsadirə edilməsi mümkünlüyü də daxil olmaqla, yeni sanksiyalar hazırlayaraq qəti mövqe nümayiş etdirdi.

Putin təzyiqləri artıraraq cavab verdi. Ukraynaya qarşı zərbələr rekord həddə çatıb, Rusiya isə NATO-nun sərhədlərini müdafiə etməyə hazırlığını birbaşa sınaqdan keçirməyə başlayıb.

Bu arada, ABŞ-ın cavabı ehtiyatlı oldu, alyans özünü məsləhətləşmələrlə məhdudlaşdırdı və şərq cinahda gücləndi. Ekspertlər hesab edirlər ki, Avropa sözdən hərəkətə keçməlidir: Ukrayna ərazisi üzərində Rusiya pilotsuz təyyarələri və raketlərini tutmalı, hava və dəniz məkanının yeni pozuntularına sərt reaksiya verməli və Rusiya daxilində mühüm hərbi infrastruktura zərbə vurmaqda Kiyevə yardımı genişləndirməlidir.

Avropa artıq Rusiya ilə müharibə aparır və indi bu faktı etiraf etməli və ona uyğun hərəkət etməlidir.

Əli Babayev