Sosial Xidmət mərkəzlərinin benefisiarlarının iştirakı ilə inklüziv tədbirlər keçirilib - FOTOLAR

25 Sentyabr 2025 15:35 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərinin benefisiarları və onların valideynləri üçün növbəti silsilə master-klaslar təşkil edilib. Bu barədə SİA-ya agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Yasamal Sosial Xidmət Mərkəzinin benefisiarları və onların valideynləri üçün təşkil olunan və açıq havada keçirilən “Mənim təbiət evim və bağçam” adlı master-klas zamanı uşaqlar kartondan evlər hazırlayaraq rəngləyiblər. Həmçinin onlar üçün dibçəklərdə gül toxumları əkmək və öz bağçalarını qurmaq imkanı yaradılıb.

Agentliyin digər Sosial Xidmət mərkəzləri tərəfindən təşkil edilən “Tırtılımın macərası” adlı yaradıcı master-klaslarda da uşaqlar corab, pambıq və digər materiallardan istifadə edərək öz tırtıllarını hazırlayıblar.

Mütəmadi həyata keçirilən bu kimi fəaliyyətlər uşaqların kiçik motor bacarıqlarının təkmilləşdirilməsinə, yaradıcılıq potensiallarının ortaya çıxarılmasına, eləcə də onlarda özünəinamın artırılmasına və cəmiyyətə inteqrasiyasına xidmət edir.