...Kremldə çalışan Rusiya rəsmiləri Rusiya müharibəni dayandırmasa, ən yaxın bomba sığınacağının harada olduğunu öyrənməli olacaqlar.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Axios”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna hazırda enerji infrastrukturu və silah zavodları kimi Rusiyanın hədəflərinə zərbə endirməkdə ABŞ prezidenti Donald Trampın açıq dəstəyinə malikdir.
O, həmçinin əlavə edib ki, Ukrayna ABŞ-dan əlavə uzaqmənzilli silahlar alacaq və onlardan istifadə edəcək. Bununla belə, o, hansı silahları nəzərdə tutduğunu açıqlamayıb və əlavə edib ki, Tramp ona “Biz bunun üzərində işləyəcəyik” deyib.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna dinc sakinləri bombalamayacaq, çünki “biz terrorçu deyilik”.
Bununla belə, o, Kreml kimi Rusiyanın güc mərkəzlərinin çox yaxşı hədəfə çevrilə biləcəyinə eyham vurub...
...Onlar bomba sığınacaqlarının harada olduğunu bilməlidirlər. Onlara bu lazımdır. Müharibəyə son qoymasalar, onsuz da onlara lazım olacaq. Onlar bilməlidirlər ki, biz Ukraynada hər gün cavab verəcəyik. Əgər bizə hücum etsələr, cavab verəcəyik.
Bunları Zelenski deyib.
Əli Babayev