Son illərdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının ən mühüm iqtisadi və geosiyasi aktorlarından birinə çevrilib. Qlobal və regional çağırışlara çevik reaksiya verən, sabitlik və inkişaf modelini əsas prioritet kimi müəyyən edən ölkə, dayanıqlı tərəfdaşlıq və strateji əməkdaşlıq kursu ilə beynəlxalq müstəvidə etibarlı mövqeyini daha da gücləndirir. Dövlətin həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması və xarici sərmayələrə göstərilən yüksək dəstək, Azərbaycanın regional sərmayə xəritəsində qabaqcıl yerini təmin edib. Texnologiyalar, süni intellekt, alternativ enerji və yüksək dəyər yaradan layihələrə yönəlmiş bu yeni iqtisadi yanaşma, ölkənin qlobal miqyasda da daha aktiv aktora çevrilməsinə zəmin yaradır.
Bu strateji kursun əsas hərəkətverici qüvvələrindən biri də Prezident İlham Əliyevin beynəlxalq platformalarda və nüfuzlu tərəfdaşlarla keçirdiyi yüksək səviyyəli görüşlərdir. İstər ikitərəfli əməkdaşlıq formatlarında, istərsə də çoxşaxəli regional və qlobal təşəbbüslər çərçivəsində aparılan bu dialoqlar Azərbaycanın sabit, açıq və uzunmüddətli tərəfdaş kimi imicini daha da möhkəmləndirir.
Bu görüşlərdən biri də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu-York şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti – “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə keçirdiyi görüş olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.
Qlobal kapital axınlarının getdikcə daha çox sabit və dayanıqlı regionlara yönəldiyi bir dövrdə Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi sabitliyi və çevik idarəetmə sistemi GIP kimi aparıcı investisiya qurumları üçün strateji maraq doğurur. Bu səbəbdən şirkət rəhbərinin müraciəti əsasında Nyu-Yorkda görüş baş tutub.
“Global Infrastructure Partners” 2006-cı ildə təsis edilmiş qlobal infrastruktur investisiya idarəetmə şirkətidir. Şirkət təxminən 170 milyard dollar məbləğində aktivləri idarə edir. GIP Nyu-York, London, Stamford, Sidney, Melburn, Brisben, Mumbay, Dehli, Sinqapur və Honq Konq daxil olmaqla dünyanın 10-dan çox şəhərində ofisi mövcuddur. 2024-cü ildə dünyanın ən böyük idarəetmə şirkəti olan “Blackrock” tərəfindən 12,5 milyard dollar məbləği ilə satın alınıb.
Şirkət çox önəmli infrastruktur aktivlərinə investisiya etməklə yanaşı, öz uğurlu dəyər yaratma strategiya və planları ilə onların dayanıqlılığını və uzunmüddətli inkişafını dəstəkləyir. GIP, həmçinin dünyanın ən böyük özəl havalimanı investorudur. Təsis edildiyi gündən bəri şirkət London Siti, London Qatvik, Edinburq və Sidney havalimanlarına investisiyalar edib. Şirkətin bu sektorda ən sonuncu investisiyası isə Malayziyada fəaliyyət göstərən hava limanlarının əsas operatoru “Malaysia Airports Holdings Berhad”da (MAHB) olub. GIP MAHB-da 30 faiz özəl səhm payı alıb. MAHB-ın qalan 70 faizlik səhmləri isə Malayziya hökumətinə məxsusdur. Malayziya dövləti tərəfindən GIP-nin bu investisiyaya cəlb edilmə səbəbləri onun təcrübəsindən istifadə edərək bu ölkənin hava limanlarında sərnişin təcrübəsini yaxşılaşdırmaq, hava yollarının əlaqələrini artırmaq, infrastrukturu təkmilləşdirmək və MAHB-ı dünya səviyyəli hava limanı operatoruna çevirmək olub.
GIP Orta Şərqdə BƏƏ tərəfindən dəstəklənən “Global AI Infrastructure Investment Partnership” (GAIIP) – Qlobal Süni İntellekt İnfrastruktur İnvestisiya Tərəfdaşlığı layihəsinin təşəbbüskarıdır. Bu əməkdaşlıq 2024-cü ilin sentyabrında başlamış və süni intellekt sahəsində infrastruktur aktivlərinin inkişafı məqsədilə 30 milyard dollar məbləğində yatırım platformasının yaradılması nəzərdə tutulub. GIP ilə birlikdə, Əbu-Dabi Əmirliyi tərəfindən yaradılmış investisiya şirkəti MGX və “Microsoft” şirkətləri də bu investisiyaların aktiv idarəedilməsində iştirak edəcəklər. NVIDIA şirkətinin isə layihəyə öz təcrübəsi ilə töhfə verməsi gözlənilir.
GIP enerji keçidini ən böyük investisiya fürsəti olaraq qiymətləndirir və qlobal enerji sisteminin yenidən qurulması üçün illik təxminən 5 trilyon dollara qədər investisiya tələb oluna biləcəyini qeyd edir. Şirkət bərpaolunan enerji, midstrim və nəqliyyat infrastrukturundakı liderliyini, biznes və hökumət liderləri ilə güclü əlaqələrini istifadə edərək, qlobal dekarbonizasiyaya səmərəli töhfə verməyi hədəfləyir. Bu baxımdan, Azərbaycanın nəinki zəngin enerji ehtiyatları, həm də onun əhatəli nəqliyyat-tranzit imkanları, rəqəmsal infrastruktur sahəsindəki təşəbbüsləri və yaşıl keçidə verdiyi töhfə ölkəni GIP kimi aparıcı investorlar üçün həm regional lider, həm də etibarlı beynəlxalq tərəfdaş kimi cəlbedici mərkəzə çevirir. GIP 2025-ci ilin məlumatlarına əsasən, 26 ştatda təxminən 11,8 giqavat gücündə enerji istehsal gücünə malikdir. Bu gücün təxminən 9,1 giqavatı külək, günəş və enerji saxlama sistemlərindən ibarətdir.
GIP ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) əməkdaşlığı 2024-cü ildən etibarən başlayıb və GIP tərəfindən idarə olunan müxtəlif fondlara ümumilikdə təxminən 210 milyon dollar sərmayə yatırılıb. ARDNF İtaliyada aparıcı sürətli qatar operatoru “Italo” yatırımını GIP ilə birgə həyata keçirib. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-in investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
GIP havalimanlarının idarəedilməsi, bərpaolunan enerji layihələrinin inkişafı və enerjinin saxlanma sistemləri sahəsindəki təcrübəsi ilə Azərbaycanda faydalı tərəfdaş ola bilər. Həmçinin, Qlobal Süni Zəka İnfrastruktur İnvestisiya Tərəfdaşlığı layihəsi çərçivəsində, şirkət Azərbaycan və Mərkəzi Asiya ölkələrində data mərkəzlərinin və digər süni zəka infrastrukturunun da yaradılması imkanlarını nəzərdən keçirə bilər.
Qeyd etmək lazımdır ki, bu görüşlər Azərbaycanın beynəlxalq maliyyə və investisiya dairələri ilə əməkdaşlığının genişləndirilməsi baxımından növbəti mühüm addım olmaqla yanaşı, ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir, strateji tərəfdaşlıq imkanlarını artırır və iqtisadi diplomatiyasının beynəlxalq səviyyədə daha da güclənməsinə, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.