Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti 2 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Daha sonra şərti yanğınla əlaqədar "Həyəcan" siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq müəssisədə saxlanılan şəxslərin "təhlükəli ərazi"dən təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatlarını yerinə yetiriblər.
Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.