“Putini indi dayandırmaq yeraltı bunkerlər tikməkdən daha ucuzdur”...

25 Sentyabr 2025 00:45 (UTC+04:00)

...Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 24-də BMT Baş Assambleyasında bəyan edib ki, Rusiya təcavüzünü və silahlanma yarışını indi dayandırmaq dünya ictimaiyyətinə daha ucuz başa gələcək.

SİA-nın məlumatına görə, Fox videonu YouTube-da yayımlayıb.

Zelenski izah edib ki, Ukrayna insanların həyatını qorumaq üçün yeraltı məktəblər və xəstəxanalar tikir.

Bundan əlavə, prezident vurğulayıb ki, Ukrayna idman obyektləri və ya mədəniyyət infrastrukturu tikməkdənsə, elektrik stansiyalarının Rusiyanın pilotsuz təyyarələri, eləcə də raket hücumlarından qorunmasına daha çox pul xərcləməlidir.

Bu arada, ukraynalı fermerlər öz avadanlıqlarını Rusiyanın FPV pilotsuz təyyarələrinin zərbələrindən qorumağı öyrənirlər və onlar üçün bu problem “iqlim dəyişikliyindən daha ciddidir”, - deyə Zelenski əlavə edib.

...Bəs sizin belə təhdidlərə qarşı müdafiəniz varmı?

Zelenski dünya liderlərindən soruşub.

...Faktlar sadədir. Bu müharibəni və bununla da qlobal silahlanma yarışını indi dayandırmaq kritik infrastruktur üçün yeraltı uşaq bağçaları və ya nəhəng bunkerlər tikməkdən daha ucuz başa gəlir. Putini indi dayandırmaq hər limanı və hər gəmini dəniz pilotsuz təyyarələri ilə terrorçulardan qorumaq cəhdindən daha ucuzdur.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanı indi dayandırmaq “nüvə başlığına malik sadə pilotsuz təyyarə yarada biləcək qüvvənin kim olacağı ilə maraqlanmaqdan” daha ucuz başa gəlir.

...Ona görə də biz əlimizdə olan hər şeyi işlətməliyik ki, təcavüzkarı dayanmağa məcbur edək.

Zelenski deyib. Onun fikrincə, yalnız bundan sonra “silahlanma yarışının hamı üçün fəlakətlə bitməməsi üçün real şans var”.

...Əgər bu silah tələb edirsə, bu, Rusiyaya təzyiq göstərmək tələb edirsə, bunu etmək lazımdır. Və bunu indi etmək lazımdır. Əks halda, Putin müharibəni qızışdırmağa davam edəcək, - deyə Zelenski yekunlaşdırıb.

Əli Babayev