“Forum beynəlxalq əməkdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir” - ŞƏRH OLUNDU

24 Sentyabr 2025 17:08 (UTC+04:00)

“Azərbaycan həm bölgədə, həm də dünyada təhlükəsizliyə mühüm töhfə verən dövlətlərdən biridir”. Bu sözləri siyasi ekspert Sahil Kərimli SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri yeni çağırışlara uyğun şəkildə təhlükəsizlik hədəflərinin müəyyənləşdirilməsi, milli təhlükəsizliyin qorunması və eyni zamanda beynəlxalq təhlükəsizlik müstəvisinə dəstəyin göstərilməsidir: “Bu baxımdan III Bakı Təhlükəsizlik Forumunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrindən təhlükəsizlik orqanlarının rəhbərlərinin Bakıda toplaşması və Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq təhlükəsizlik platformasına töhfə verməkdə fəallığını təsdiq edir. Forum Azərbaycanın qlobal təhlükəsizlik problemlərinə münasibətdə konstruktiv mövqeyini və sülhə xidmət edən niyyətlərini nümayiş etdirir.

Forumun gündəliyinə nəzər saldıqda, milli və beynəlxalq təhlükəsizlik məsələlərinin, cinayət xarakterli təhdidlərin, qlobal risklərin və onların həlli yollarının geniş müzakirə edildiyi görünür. Qəbul olunan qərarlar və əldə edilən razılaşmalar Azərbaycanın bu sahədə nümunəvi mövqedə olduğunu göstərir. Bakı Təhlükəsizlik Forumu həm regional, həm də beynəlxalq əməkdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir. Burada aparılan müzakirələr, müəyyənləşdirilən hədəf və vəzifələr qlobal təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında sülhün və təhlükəsizliyin təmininə verdiyi töhfənin bariz nümunəsidir. Beləliklə, III Bakı Təhlükəsizlik Forumu Azərbaycanın həm öz milli təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də dünya miqyasında sabitlik və əməkdaşlıq üçün vacib təşəbbüslər irəli sürən dövlət kimi mövqeyini bir daha təsdiq etmişdir. Bu forum qlobal təhlükəsizlik sistemində Azərbaycan modelinin aktuallığını göstərən mühüm hadisə kimi dəyərləndirilə bilər”.