“Azərbaycan insan hüquqlarının təmin edilməsi sahəsində nümunəvi dövlətə çevrilib” - MÖVQE BİLDİRİLDİ

24 Sentyabr 2025 16:49 (UTC+04:00)

“İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir həyatda demokratik inkişafın ayrılmaz bir hissəsinə çevrilib, vətəndaş cəmiyyətinin inkişaf səviyyəsinin əsas meyarı sayılır. İnsan hüquqları, ləyaqət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər isə qanunla müəyyən edilir və qorunur. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin tamhüquqlu üzvü və müstəqil subyekti kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyanın idealları olan azadlığı, insan hüquqlarını və ədaləti özünün inkişaf yolu kimi seçmişdir. Ümummilli Lider Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədi kimi bəyan edərək 1998-ci ilin 18 iyun tarixində Azərbaycan Respublikasında ilk dövlət proqramını təsdiq etdi. İnsan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq cənab Prezident İlham Əliyev 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-ni Azərbaycan Respublikasında insan hüquqları günü kimi qeyd edilməsi barədə müvafiq sərəncamı imzaladı. Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinə və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və insan hüquqları sisteminin yaradılması istiqamətində respublikada mühüm islahatlar həyata keçirildi, insan hüquqlarının qorunması dövlətin ali məqsədi kimi elan edildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov deyib .

Deputat bildirib ki, ötən dövr ərzində də milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunun təmin edilməsinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, xüsusilə cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi və genişləndirilməsinə real şərait yaratdı: “Xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Liderin rəhbrəliyi ilə hazırlanan 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli konstitusiyasının ikinci bölməsi, yəni müddəalarının üçdə biri əsas insan hüquq və azadlıqlarına həsr olunub. Azərbaycan Respublikasında vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin real təminatı üçün zəruri qanunvericilik bazası yaradıldı, 1998-ci ildə Ulu Öndər tərəfindən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında fərman imzalandı. Eyni ildə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramı təsdiq edildi. Respublikada həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri də insan hüquq və azadlıqlarının müdafiəsində səmərəli hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasını xüsusi qeyd etməliyik.

Beynəlxalq səviyyədə də Azərbaycanın insan hüquq və azadlıqlarının qorunması istiqamətində də çox böyük işlər görülüb. Ölkəmiz sözügedən istiqamət üzrə bir çox beynəlxalq sənədlərə qoşulub. Belə ki, Azərbaycan beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən mötəbər sənəd olan BMT-nin İnsan Hüquqları haqqında bəyannaməsinə, eyni zamanda 2001-ci ildə Avropa Şurasına üzv olarkən hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşuldu. Bu konvensiya müvafiq olaraq milli qanunvericiliyin tərkib hissəsinə çevrildi.

Otuz il ərzində ölkəmizin 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində vətəndaşlarımızın hüquqları pozulmuş, azadlıqları məhdudlaşdırılmışdı. Bu gün isə artıq beş ildir ki, vətəndaşlarımızın hüququnun bərpası istiqamətində vacib işlər görülür. Bütövlükdə Azərbaycan Respublikası insan hüquqlarının təmin edilməsi sahəsində nümunəvi dövlətə çevrilib”.