"Azərbaycan uğurla Bakı Təhlükəsizlik Forumunu həyata keçirir" - ŞƏRH EDİLDİ

24 Sentyabr 2025 16:38 (UTC+04:00)

"Bakı Təhlükəsizlik Forumu artıq üçüncü dəfədir keçirilir. Forumda müxtəlif ölkələrdən və qitələrdən onlarla nümayəndə iştirak edib. Bu, şübhəsiz ki, Azərbaycanın qlobal və regional siyasətdə yüksəlişindən xəbər verir. Çünki belə mühüm tədbirə ev sahibliyi etmək və bunu artıq üçüncü dəfə təşkil etmək hər dövlətə müyəssər olmur. Azərbaycan isə uğurla Bakı Təhlükəsizlik Forumunu həyata keçirməyə davam edir". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, budəfəki forumda terror aktları və silahlı münaqişələr zamanı yaranan humanitar böhranlar, qlobal texnogen fəlakətlərin qarşısının alınması, həmçinin məlumat mübadiləsi və təhlükəsizlik orqanlarının fəaliyyətinin koordinasiyası məsələləri əsas müzakirə mövzusu olub: "Təhlükəsizlik orqanlarının adətən məxfi fəaliyyət göstərməsi normaldır, lakin söhbət humanitar məsələlərdən və texnogen fəlakətlərdən gedirsə, burada məlumat paylaşımı və birlikdə hərəkət etmək son dərəcə vacibdir. Çünki terror qlobal bir təhlükədir. Hər bir ölkə bu təhdiddən sığortalanmayıb. Eləcə də texnogen fəlakətlər istənilən ölkənin qapısını döyə bilər. Belə məqamlarda informasiya mübadiləsi, birgə fəaliyyət, həm terrorun qarşısının alınmasında, həm də fəsadlarının azaldılmasında mühüm rol oynayır. Eyni ilə texnogen fəlakətlər zamanı da beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu kimi məsələlərin müzakirəsi Azərbaycanın humanist mövqeyindən xəbər verir. Azərbaycanın bu yanaşması, əslində, ölkəmizin xarici siyasətinin bir göstəricisidir. Çünki Azərbaycan həmişə regionda və qlobal müstəvidə sülhün tərəfdarı olub.

Forumda çıxışlara nəzər salanda da bunu aydın görmək mümkündür. Cənab Prezidentin konfrans iştirakçılarına müraciəti, eləcə də digər çıxışlar humanist məzmunu ilə diqqət çəkdi. Bu, Azərbaycanın sülhsevər siyasətinin və humanitar dəyərlərə verdiyi önəmin bir daha təsdiqi oldu".