Bakıda Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya Festivalı keçirilib. SİA xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Komitənin sədri Vüqar Behbudov, eləcə də millət vəkilləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində “İdmançı Ustalıqları” zonasındakı nümunəvi çıxışlarla yanaşı, tədbirin açılışı aparıcının Xüsusi Olimpiya Komitəsinin fəaliyyətinə həsr olunmuş çıxışı ilə başlayıb. Dövlət himni Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının surdo müşayiəti ilə səsləndirilib, daha sonra bir dəqiqəlik sükut elan olunub.
Nazir Fərid Qayıbov və Komitə sədri Vüqar Behbudov çıxış ediblər, həmçinin nazirə təşəkkürnamə təqdim olunub. Tədbirin bədii hissəsində müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub. Gimnastika Federasiyasının gimnastları, “Parla” inklüziv-mədəni kollektivi, sosial xidmət müəssisələrinin sakinləri və uşaqların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xüsusi Olimpiya Bayrağı gətirilib, And oxunub, Daun sindromlu şəxslərin rəqs kompozisiyası nümayiş etdirilib. “Autizm – Mənim dünyam” adlı rəqs və “Fleşmob” da festivalın rəngarəng məqamları sırasında olub.
Sonda aparıcı tədbirin sosial-inklüziv əhəmiyyətini vurğulayıb və festival bağlanış mərasimi ilə yekunlaşıb.