“Bizim hamımız xüsusi uşaqlar üçün çalışırıq və onlara dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bu tədbir ilk dəfə təşkil olunub və həm uşaqlar, həm də valideynlər üçün böyük bayramdır. Festivalın baş tutmasında komitə və müxtəlif fiderasiyaların nümayəndələrinin əməyi əvəzsizdir. Burada iştirak edən hər kəsə təşəkkür edirəm. Uşaqların bu cür tədbirlərdə iştirakı onların inkişafına və sosial inteqrasiyasına böyük töhfə verir. İnanıram ki, bu tədbirdə iştirak edən bütün uşaqlar gələcəkdə uğurlu və bacarıqlı olacaq". SİA xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda Xüsusi Olimpiya Festivalında səsləndirib.
Nazir əlavə edib ki, dövlət və aidiyyəti qurumlar birgə əməkdaşlıqla uşaqların inkişafı və sosial fəaliyyətlərinin təşviqi istiqamətində tədbirlər həyata keçirir: “Bu festival həm uşaqların bacarıqlarını nümayiş etdirməsi, həm də cəmiyyətin onlara diqqət və qayğı göstərməsi üçün önəmlidir. Hər bir uşağa uğurlar arzulayıram və bayramınız mübarək olsun”.