Hökumət statistikanın inkişafına böyük önəm verir - Əli Əsədov

24 Sentyabr 2025 11:02 (UTC+04:00)

Statistika istənilən cəmiyyətin, ölkənin və ölkəyə rəhbərlik edən şəxslərin əsas metodoloji alətidir. Azərbaycanda da Prezidentin tapşırığına uyğun olaraq hökumət statistikanın inkişafına böyük önəm verir. SİA xəbər verir ki, bu barədə Baş naziri Əli Əsədov III Beynəlxalq Statistika Forumunda deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda Dövlət Statistika Komitəsi kifayət qədər inkişaf edib. Bu inkişaf həm metodoloji baxımdan, həm də təşkilatı baxımdan xeyli fərqlidir.

“Prezident və hökumət statistika qurumunun fəaliyyətindən öz razılığını bildirir. O cümlədən Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti dəstək olaraq son illər ərzində 6 dövlət proqramını qəbul edib və bu proqramlar Azərbaycanda statistikanın inkişafını əks etdirir. Statistika elə bir alətdir ki, nəinki iqtisadiyyat, cəmiyyətin bütün sahələrini, dünəni, bu günü və sabahı proqnozlaşdırmaq üçün əsaslar olmalıdır. İnkişafı qiymətləndirmək üçün hansısa rəqəmlərə əsaslanmalıyıq və bu məlumatlar bizim inkişafımızı, addımlarımızı daha da qiymətləndirməyə imkan verir. Bu baxımdan statistikanın istənilən cəmiyyətin, sahənin inkişafında böyük rolu var. Bütün sahələrdə olduğu kimi statistika sahəsi də inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində qeyd edildiyi kimi, rəqəmsal inkişaf, İT, süni intellekt və yeni metodlar bu statistikanı daha dəqiq, çevik və əlçatan edir. Hesab edirəm ki, bu gün forumda yeni layihələr və yeni yanaşmalar öz həllini tapacaq”, - deyə Baş nazir qeyd edib.