"Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir" - BAŞ NAZİR

24 Sentyabr 2025 10:40 (UTC+04:00)

"Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir". SİA xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib.

O bildirib ki, statistika yalnız iqtisadiyyat deyil, cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün əsas baza yaradır: "İnkişafı qiymətləndirmək üçün konkret statistik məlumatlar, rəqəmlər və diaqramlar lazımdır. Azərbaycan hökuməti bu məlumatlardan gündəlik, hətta hər saatda istifadə edir".

Baş nazir əlavə edib ki, rəqəmsal inkişaf, İT texnologiyalar və süni intellekt statistikanı daha dəqiq, çevik və əlçatan edir: "Bu forumda yeni layihələr və yanaşmaların müzakirəsi sahənin daha da təkmilləşməsinə töhfə verəcək".