Azərbaycanda əmək bazarında bəzi sahələrdə ixtisaslı mütəxəssislər kifayət qədər deyil. Xüsusilə rəqəmsal texnologiyalar, mühəndislik, tikinti, energetika və səhiyyə sahələrində boşluqlar gözə çarpır. Peşə və texniki kadrların çatışmazlığı da sənaye və gündəlik həyat üçün problem yaradır. Bəs bu boşluqları necə doldurmaq olar? Hazırda ən çox hansı sahələrdə kadr çatışmazlığı var?
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib ki, çox gənclər ixtisas seçimi zamanı ənənəvi və daha çox tanınmış ixtisaslara üstünlük verirlər: ”Həkimlik, hüquqşünaslıq və müəllimlik bu qəbildəndir. Bu ixtisaslara olan həddən artıq maraq nəticəsində həmin sahələr üzrə ölkədə təklif tələbi üstələyir, nəticədə isə bu sahədə iş tapmaq çətinləşir və ixtisaslı mütəxəssislərin sayı normanı keçərək əmək bazarında balanssızlıq yaranır.
Gənclərin yalnız ali təhsil yox, həm də yüksək keyfiyyətli peşə və texniki təhsilə yönəldilməsi təmin olunmalıdır. Peşə məktəblərinin müasir avadanlıqlarla təchiz olunması və real sektora inteqrasiyası vacibdir. İxtisas seçimi edən gənclər üçün əmək bazarındakı real tələbat barədə mütəmadi məlumat verilməlidir. Bu, həm təhsil müəssisələrinin, həm də valideynlərin və abituriyentlərin qərarvermə prosesinə yardım edər. Azərbaycanın dayanıqlı inkişafı üçün əmək bazarının tələblərinə uyğun ixtisas seçimi, peşə və texniki təhsilin inkişafı, eləcə də innovativ yanaşmalar zəruridir. Əgər gənclər və ailələr bu tendensiyaları nəzərə alsalar, həm şəxsi karyera baxımından uğurlu ola, həm də ölkənin inkişafına töhfə verə bilərlər”.