Dünyada sülhün və təhlükəsizliyin təmin olunmasını BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlər üzərlərinə götürüblər. Yəni BMT nizamnaməsində qeyd olunur ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa dünyada sülhün və təhlükəsiliyin təmin olunmasına cavabdehlik daşıyırlar və münaqişələr, qarşıdurmalar yaranarsa, onların həllində fəal iştirak edirlər. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bu azmış kimi bəzi hallarda müharibələri, münaqişələri və vətəndaş qarşıdurmalarını müxtəlif vasitələrlə qızışdırırlar. Rusiyanın Ukraynaya hücumu və Kiyevin, eləcə də ətraf ərazilərin amansız dağıntılara məruz qalmasını misal olaraq göstərmək olar. Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən ümumilikdə 2 milyon əsgər, zabit öldürülüb, 5 milyona yaxın insan isə yaralanıb. Ukraynanın 15 milyona yaxın vətəndaşı müharibədən qaçaraq müxtəlif xarici ölkələrə sığınıblar. Niyə, səbəbi nədir, nədən Rusiya azad, müstəqil bir dövlətə hücüm edir, insanları öldürür, yaralayır, doğma yurd-yuvasından didərgin salır? Birmənalı şəkildə demək olar ki, qoca, əldən düşmüş Vladimir Putinin ulu babaları kimi qana susaması, insan ölümlərindən, şəhərlərin, kənd və qəsəbələrin dağıntılara məruz qalmasından həzz almasıdır. Başqa cür yanaşma, fərqli münasibət bildirmək mümkün deyil. Çünki deyilsə ki, V.Putin Ukrayna şəhərlərini qarət edib, yeni varidat əldə etməyə çalışır, bu, yanlış mövqe ola bilər. Nədən ki, Putinin milyardları, trilyonları var, onun Zelenskinin ölkəsindən əldə edə biləcəyi pula, qızıla, hansısa antik əşyaya ehtiyacı yoxdur. Sadəcə, kefi istədi və manqurt ətrafına Ukraynaya hücüm əmrini verdi. Artıq ox yayından çıxıb, Putin istəməsə, yəni kefinin saz vaxtında, "Ukrayna əməliyyatı başa çatsın" deməsə müharibə dayanmayacaq. Müharibə hələ çox canlar alacaq, çox şəhərlər, kənd və qəsəbələr dağılacaq, sağ qalmaq üçün hələ çox insan seli yurd-yuvasını tərk edəcək.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının digər üzvləri, o cümlədən də Fransa və ABŞ, Fransa Afrikada müstəmləkə siyasəti həyata keçirir, hər gün əsarət altında saxladığı ərazilərdə qanlı cinayətlər törədir, başını qaldıranı, söz demək istəyəni öldürür, zindanlara salaraq işgəncələrə məruz qoyur. Fakt ondan ibarətdir ki, Fransa Afrikanın 42 faiz ərazisini işğal edib. Fransa Seneqal, Niger, Korsika, Mayot adası, Kamerun, Mavritaniya, Yeni Kolodeniya, Əlcəzair və Ruanda kimi ərazilərində qanlı cinayətlər törədib, ümumilikdə 10 milyondan çox insanın həyatına qəsd edib, öldürüb. ABŞ-ın törətdiyi fəlakətlərin siyahısı isə daha çoxdur. Bu gün də ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq dünyaya meydan oxuyur. İstənilən vaxt, istədiyi ölkəyə hücüm edib, o ölkəni qana boyayır. Nədən ki, hərbi və iqtisadi qüdrəti var. Ona görə ki, güclüdür, onun nəzərində beynəlxalq hüququn gücü deyil, gücün hüququ daha işlək və mənfəətlidir.
150-dən çox ölkənin Fələstini dövlət olaraq tanıması İsrailin mövqelərini sarsıdıb
Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa başqa dövlətlərə də himayədarlıq etməklə, onlar vasitəsi ilə digər ölkələri, xalqları da əzməyə çalışırlar. İsrailin ABŞ-ın siyasi, hərbi, maliyyə dəstəyi ilə Yaxın Şərqdə at oynatmasını, sivil millətlərə qarşı qanlı cinayətlər törətməsini misal olaraq göstərmək olar. 1949-cu ildə İsrail dövləti rəsmən qurulduqdan sonra bir növ ərəb ölkələrinin qara günləri başladı. Demək olar ki, 1949-cu ildən bu günə qədər hər gün yəhudi-ərəb qarşıdurması baş verib və bu qarşıdurmalarda ölənlər, yaralananlar olub. Ən böyük qarşıdurma isə 1967-ci ildə baş vermiş altıgünlük müharibədir. Bu müharibə ilə İsrail Misir, Suriya, Livan və Fələstin Muxtariyyatı üzərində böyük hərbi qələbə qazanmağı bacardı, təbii ki, ABŞ-ın hərbi, siyasi dəstəyi ilə. Çünki havaya qaldırılan 200-ə qədər İsrail qırıcıları əslində ABŞ-a məxsus olmuşdur. Ancaq rəsmi Təl-Əviv onları İsrail hərbi təyyarələri olaraq təqdim etməyə çalışmışdır. 1973-cü ildə baş verən ərəb-yəhudi qarşıdurması da ikincinin qələbəsi ilə başa çatmışdır. Bu gün də İsrail öldürmək, dağıtmaq, işğal etmək siyasətini davam etdirir. Lakin bu gün dünyada gedən siyasi proseslər, xüsusilə də 150-dən çox ölkənin Fələstini dövlət olaraq tanıması İsrailin mövqelərini sarsıtmaqdadır.
Bəzi xarici KİV-lərin verdiyi məlumata görə, Belçika, Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətçiliyini tanıdıqlarını rəsmən elan etdilər. Müvafiq bəyanatla bu ölkələrin baş nazirləri – Castin Karni, Bart De Vever, Entoni Albanese və Key Starmer çıxış ediblər. Aparıcı Avropa dövlətlərinin Fələstini dövlət olaraq tanıması Qəzzanın dağıdılmasının və insanların kütləvi şəkildə öldürülməsinin qarşısını ala bilər.
Belçikanın baş naziri De Vever qeyd edib ki, Belçika həmişə iki dövlət prinsipinə zəmanət verib və bu gün Nyu-York Bəyannaməsinin imzalanmasına qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək.
Kanadanın baş naziri Castin Karni "Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyə ümid yaratmaqda tərəfdaşlığını təklif edir", - dedi.
Avstraliya da Fələstin dövlətçiliyinin tanınmasının vacibliyini vurğulayaraq oxşar qərar verib. Avstraliyanın baş naziri Entoni Albanezin sözlərinə görə, bu addım Yaxın Şərqdəki münaqişənin həlli üçün müəyyən perspektivlər verəcək.
Böyük Britaniyanın baş naziri Keir Stramer rəsmi olaraq Fələstin dövlətçiliyinin tanınmasının lehinə çıxış edərək, Yaxın Şərqdəki vəziyyəti həll etmək istəyindən danışıb. Baş naziri Keir Stramer şəxsi sosial media hesabında yazdığı məlumatda bildirib: "Bu gün sülhə və iki dövlətli həllə ümidi bərpa etmək üçün [münaqişənin – redaktorun qeydi] mən bu böyük ölkənin baş naziri kimi açıq şəkildə bildirirəm ki, Böyük Britaniya Fələstin Dövlətini rəsmi olaraq tanıyır".
İsrailin baş naziri Binyamin Netanyahu yenə də hədələləyici ritorikasını davam etdirib. O, Böyük Britaniya, Belçika, Kanada və Avstraliyanın Fələstin dövlətçiliyini tanıması ilə bağlı bəyanatlarını şərh edərkən İordan çayının qərbində Fələstin dövlətinin qurulmayacağını bildirib. Onu da qeyd edib ki, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində bir sıra ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşərək Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etməyi planlaşdırır.
Bir sıra ölkələr, o cümlədən İsrail və ABŞ uzun müddətdir ki, Fələstinin ayrıca dövlət kimi tanınmasına qarşı çıxıb. Bu arada bir çox Avropa İttifaqı ölkələri bu təşəbbüsü dəstəkləyir. İndi Kanada, Avstraliya və Böyük Britaniya tərəfindən rəsmi tanınması digər Qərb ölkələrinin mövqeyinə müəyyən təsir göstərə bilər.
BMT İsraili ittiham edir
İsrailin mövqelərininə Qərb ölkələrindən zərbə endirilməsi onu göstərir ki, artıq dünya birliyi həqiqəti dərk etməyə başlayır. Həm də anlayır ki, hərbi gücə arxalanıb, insanları məhv etmək, şəhərləri, kənd və qəsəbələri dağıtmaq insanlığa fayda gətirməz. Belə bir tendensiya yarana bilər ki, bundan da Qərb ölkələrinin özləri də ciddi ziyanlar görə bilər. Məhz bu baxımdandır ki, BMT Baş katibi də artıq Qəzzada insan faciələrinə seyrçi qalmır. BMT-nin Baş katibi Antonio Guterres Qəzza şəhəri və ətraf ərazilərdə yaşanan aclığı "bəşəriyyətin uğursuzluğu" adlandırıb. Baş katib həm də Qəzzada baş verənləri "insanların yaratdığı fəlakət" kimi xarakterizə edib və İsraili əməliyyatları dərhal dayandırmağa çağırıb. Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İsrailin Dohaya da zərbəsini pisləmişdir. O bu barədə jurnalistlərə açıqlamasında bildirmişdir ki, Qətərin suverenliyi və ərazi bütövlüyünün pozulması yolverilməzdir və İsrailin hücumu pislənilir: "Qətərin suverenliyi və ərazi bütövlüyünün belə açıq-aşkar pozulmasını qınayıram. Bütün tərəflər daimi atəşkəsin əldə olunması üçün çalışmalıdır, onun pozulması üçün yox".
Yayılan məlumatlara istinadən demək olar ki, İsrail dövləti ilə səthi də olsa, isti münasibətlər quran müsəlman ölkələri Fələstinin ayrılmaz hissəsi olan Qüdsdə və Qəzzada İsrailin törətdiyi soyqımılara göz yummayacaqlarını bəyan ediblər. Bu barədə The Wall Street Journal (WSJ) tərəfindən verilən məlumatda o da bildirilir ki, İsrail İordan çayının qərb sahilini ilhaq etsə, bu, ABŞ ilə münasibətləri korlayacaq. Nəşr qeyd edib ki, İsrail artıq beynəlxalq təcrid vəziyyətinə düşür, ona görə də İsrailin baş naziri Benyamin Netanyahu indi fələstinlilərin dövlətə olan ümidlərinin məhvinin ərəb dünyası və ola bilsin, ABŞ ilə münasibətlərə vurduğu ziyana dəyər olub-olmadığını diqqətlə ölçməlidir: "Ərəb dövlətləri artıq xəbərdarlıq ediblər ki, ilhaq İsraillə razılaşmaları pozacaq və ya ən azından sarsıdacaq. Bu da öz növbəsində ABŞ Prezidenti Donald Trampın sülhməramlı kimi irsini bərqərar etmək ümidlərini sarsıdacaq".
Dünyanı cənginə alan amansız müharibələrin, münaqişələrin getdiyi bir vaxtda BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb. Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Sessiyanın prezidenti Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdur. Yüksək səviyyəli debatlar sentyabrın 23-dən başlayıb. Əsas qətnamələrin qəbulu yekunlaşıb. Fələstinin dövlət olaraq tanınması məsələsi səsə qoyularkən, 145 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə isə bitərəf qalıb. Qətnaməyə əsasən, Fələstin lideri Mahmud Abbas yüksək səviyyəli ümumi debatlar zamanı əvvəlcədən qeydə alınmış bəyanat vasitəsilə dünya liderlərinə müraciət edəcək. ABŞ Dövlət Departamenti Fələstin Prezidenti Mahmud Abbas və onu müşayiət edən rəsmilərə Baş Assambleyada iştirak etmək üçün viza verməkdən imtina edib. Ona görə də, Fələstin lideri Mahmud Abbas videobağlantı vasitəsilə qarşıdakı sessiyada çıxış edəcək.
BMT-nin 80-ci sessiyasının yüksək səviyyəli ümumi debatlarından gözləntilər böyükdür. Ən azı ümid edilir ki, İsrailin Qəzzada törətdiyi qətliamların dayandırılması üçün birlik dövlət rəhbərləri prinsipial qərar qəbul edəcəklər. Eyni zamanda, ABŞ-nin də Fələstini dövlət olaraq tanıması üçün sessiya iştirakçıları tərəfindən rəsmi Vaşinqitona çağırışlar ola bilər. Hətta bu çağırış müraciət formasında edilə bilər.
İLHAM ƏLİYEV