"Prezidentin yeni sərəncamı yalnız bir tarixi şəxsiyyətin xatirəsinə ehtiram deyil, həm də..." - MÜNASİBƏT BİLDİRİLDİ

23 Sentyabr 2025 12:23 (UTC+04:00)

“Tarix Əcəmi Əbubəkr oğlu Naxçıvani haqqında bizə əsasən onun yaratdığı möhtəşəm abidələri miras qoyub. Amma elə bu əsərlər kifayətdir ki, biz onu bəşəriyyətin ən böyük memarlarından biri kimi tanıyaq. XI–XII əsrlər Azərbaycan tarixində intibah dövrü hesab olunur. Şəhərlər böyüyür, elm, fəlsəfə, poeziya və incəsənət çiçəklənirdi. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi dahilərin söz sənətində yaratdıqları nümunələr, Əcəminin daşda yaratdığı şah əsərlərlə tamamlanırdı. Bu səbəbdən də həmin dövr yalnız Şərq deyil, Qərb dünyasında da tanınan mədəniyyət və elmin yüksəliş çağı idi. Əcəmi Naxçıvani bu yüksəlişin memarlıq simvoluna çevrildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

Deputat bildirib ki, XIII əsr mənbələri təsadüfi deyildi ki, onu “şeyxül-mühəndis” – mühəndislərin başçısı adlandırırdı: “Əcəmi sadəcə tikinti ustadı deyildi, o həm də fəlsəfi təfəkkürü, bədii duyumu ilə dövrünün sərhədlərini aşan yaradıcı şəxsiyyət idi.

Tanınmış sənətşünas Ə.V.Salamzadə onun haqqında yazırdı: “Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun “şeyxül-mühəndis” - mühəndislər başçısı rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır.”

Əcəminin bizə gəlib çatan ilk yadigarı 1162-ci ildə inşa edilmiş Yusif Küseyr türbəsidir. Abidənin sadə, lakin dərin fəlsəfi məzmun daşıyan quruluşu gələcəkdə ucaldacağı şah əsərlərin xəbərçisi idi. Türbənin girişində kufi xətti ilə memarın öz adı həkk olunmuşdur – bu, o dövr üçün nadir hal idi. Ən möhtəşəm yadigar isə şübhəsiz Möminə Xatun məqbərəsidir. 1186-cı ildə tamamlanan bu abidə həm monumental, həm də zərif bir memarlıq incisi kimi tanınır. Onbucaqlı kompozisiyası, qızıl bölgü qanununa əsaslanan simmetriyası, kufi yazılarla bəzədilmiş ornamentləri əsrlər keçsə də öz gözəlliyini qoruyub.

Möminə Xatun məqbərəsinin gözəlliyi, ithaf tarixi sənət adamlarının da ilham mənbəyinə çevrilmişdir. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rolu və yeri olan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, realist fırça ustası Bəhruz Kəngərlidir. Onun əsərlərində Möminə Xatun məqbərəsinin gözəlliyini, əzəmətini və monumentallığını görməmək mümkün deyil.

Bu ecazkar və möhtəşəm həndəsi və nəbati naxışlarla bəzədilmiş türbə yalnız bir qadının – Atabəy Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatunun xatirəsinə deyil, bütövlükdə qadın ləyaqətinə və əbədi sevgi ideyasına ucaldılmış bir portal - keçid, mistik abidədir.

Tac-Mahalın Mümtaz Mahal xatirəsinə ucaldıldığı kimi, Möminə Xatun türbəsi də Şərqdə qadına ehtiramın bədii rəmzi oldu. Akademik V.M. Alpatovun dediyi kimi, bu məqbərə Orta əsrlərin Avropa memarlığında görünməmiş klassik kompozisiya kamilliyinə malik idi.

Əcəminin yaratdığı tikililər Naxçıvanı təkcə Azərbaycanın deyil, bütün Şərqin ən möhtəşəm şəhərlərindən birinə çevirdi. Əcəminin adı yalnız Azərbaycanla məhdudlaşmadı. Onun kompozisiya prinsipləri Yaxın Şərqin bir çox memarlarına yol göstərdi. Hətta ondan üç əsr sonra yaşamış Böyük Osmanlı memarı Memar Sinanın əsərlərində də Əcəmi irsinin izi aydın görünür. Bu, təsadüfi deyildi. Çünki Əcəmi memarlığa yalnız daş üzərində quruluş kimi baxmırdı. Onun əsərləri həm bədii estetik, həm də mühəndis təfəkkürünün vəhdətini nümayiş etdirirdi.

Bu gün Azərbaycan dövləti Əcəmi irsinin qorunmasına və dünyada tanıdılmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Möminə Xatun türbəsinin bərpası və konservasiyası həyata keçirilir. Daha da önəmlisi, dövlət başçısının yeni sərəncamı ilə Naxçıvanda böyük memarın xatirəsinə möhtəşəm abidənin ucaldılması qərara alınıb. Bu, təkcə bir sənətkara ehtiram deyil, həm də Azərbaycan xalqının öz tarixinə, mədəniyyətinə və dünya sivilizasiyasına verdiyi töhfələrə göstərdiyi diqqətin bariz ifadəsidir. Əsrləri aşaraq bu günə çatan abidələr yalnız keçmişin yadigarı deyil, həm də milli kimliyimizin, dövlətçilik ənənələrimizin və bəşəri mədəniyyətə verdiyimiz töhfələrin sübutudur. Prezident İlham Əliyevin imzaladığı, Əcəmi Naxçıvaniyə abidə ucaldılması ilə bağlı yeni sərəncamı yalnız bir tarixi şəxsiyyətin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan dövlətinin öz köklərinə, milli-mədəni irsinə, intibah dəyərlərinə sədaqətinin rəmzidir. Bu sərəncam sübut edir ki, xalqımızın dahiyanə övladlarının yaratdığı sənət inciləri təkcə keçmişin abidəsi kimi deyil, gələcəyin mənəvi dayağı kimi yaşadılacaq”.