"Ümumiyyətlə, biz məhsullar haqqında danışanda deyirik ki, hər bir məhsulun öz mövsümündə yeyilməsi və istifadə olunması məqsədəuyğundur. Amma bəzən insanlar panikdə, xüsusilə kimyəvi maddələrdən istifadə etməklə məhsul yetişdirirlər". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
Onun sözlərinə görə, panik məhsulları il boyunca mövcud olan və istixana şəraitində, adətən kimyəvi maddələr və gübrələrlə tez yetişdirilən məhsullardır: "Məsələn, pomidor, xiyar, müxtəlif göyərtilər və s. Bunların yetişdirilməsində əsas məsələ böyümə hormonları, stimulyatorlar və azotlu gübrələrdən istifadə edilməsidir. Bu maddələrin insan orqanizminə müxtəlif mənfi təsirləri olur. Xüsusilə hormonal sistemə təsir göstərir, qaraciyər və böyrəklərin funksiyasına zərər verir və uşaqlar, habelə xroniki xəstəliyi olan insanlar üçün risk yaradır.
Zərərvericilərə qarşı dərman preparatları, yəni pestisidlər, də istifadə olunur ki, bunlar da zəhərlidir. Günəş şüası ilə kifayət qədər təmas olmadığı üçün bu məhsullarda C vitamini və digər faydalı maddələrin miqdarı az olur. Günəş şüası çatmadığına görə belə məhsullarda vitamin bolluğundan danışmaq yersizdir. Bəzi hallarda məhsulların rəngi dəyişir; məsələn, pomidor qızarır, amma dadı olmur. Xiyar formalaşır, amma tam yetişmir. Bəzən deyirlər ki, "xiyarı qabığı ilə yemək xeyirlidir", amma qabığında kimyəvi maddələr varsa, bu artıq zərərli olur, xeyirli deyil. Əgər istixana məhsulları minimal və ya heç bir kimyəvi maddə olmadan yetişdirilirsə, ziyanı daha az olur. Sadəcə dad fərqi ola bilər. Amma yerdə qar olan vaxtda biz xiyar, pomidor yeyiriksə, bu məhsullarda zərərli maddələrin olma ehtimalı yüksəkdir və bu da sağlamlığa mənfi təsir göstərir".