"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycan dövlətçiliyinin son 30 ildə qarşısına qoyduğu ən böyük tarixi məqsədlərdən biridir. Laçına növbəti köç karvanının yola salınması isə bu strateji proqramın ardıcıl və planlı şəkildə icra olunduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtması ölkənin daxili sosial sabitliyi üçün mühüm amildir. Çünki artıq uzun illərdir ki, müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış ailələr öz yurdlarına dönür və bu da həm onların həyat şəraitini yaxşılaşdırır, həm də sosial ədalətin bərpa olunmasına xidmət edir: "İkincisi, Böyük Qayıdış proqramı yalnız əhalinin köçürülməsi ilə məhdudlaşmır. Bu, eyni zamanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, infrastrukturun bərpası, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının artırılması deməkdir. Bu baxımdan Laçına köçlərin davam etməsi Azərbaycanın regional inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilir.
Böyük Qayıdış milli birlik və həmrəyliyin güclənməsinə xidmət edir. Çünki vətəndaşlarımız dövlətin onlara göstərdiyi diqqət və qayğını görür, özlərini bu prosesin ayrılmaz hissəsi kimi hiss edirlər. Bu həm də dövlətlə xalq arasında etimadın möhkəmlənməsinə gətirib çıxarır. Laçına və digər bölgələrə qayıdış beynəlxalq müstəvidə də mühüm siyasi məna daşıyır. Azərbaycan göstərir ki, işğaldan azad edilmiş ərazilərdə həyat bərpa olunur, məcburi köçkünlər öz yurdlarına dönür və dövlət bu prosesi tam şəkildə təmin etməyə qadirdir. Bu, həm də regionda uzunmüddətli sülhün möhkəmlənməsinə müsbət təsir göstərir. Bütün bunları nəzərə alaraq demək olar ki, Böyük Qayıdış təkcə humanitar və sosial layihə deyil, eyni zamanda ölkənin gələcək inkişaf modelini müəyyən edən, milli birliyi və dövlətçiliyi daha da gücləndirən strateji siyasi kursdur".