Əlverişli və səmərəli investisiya mühiti - ANALİTİK

22 Sentyabr 2025 18:11 (UTC+04:00)

İlham Əliyev: “Xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir”

Azərbaycanda iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş şərait yaradır. Onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin aradan qaldırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işinə başlayıb. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.

Prezident qeyd edib ki, müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verib, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb: “Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir”.

Azərbaycanda əlverişli investisiya mühiti son illərdə bir neçə əsas amil nəticəsində inkişaf edib. Bu amillər ölkənin iqtisadi siyasətinin müasirləşdirilməsi, qanunvericilik islahatları və müxtəlif sektorlarda həyata keçirilən təşviq proqramları ilə əlaqədardır. Forum iştirakçılarına müraciətində dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir: “Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər. Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır”.

İqtisadi islahatlar və təşviq mexanizmləri

Azərbaycan son illərdə iqtisadi islahatlar həyata keçirərək investisiya mühitini daha əlverişli etməyə çalışıb. Əsas addımlar biri kimi vergi siyasətində sadələşdirməni göstərə bilərik. Vergi qaydalarının sadələşdirilməsi, vergi dərəcələrinin azaldılması və vergi güzəştlərinin tətbiqi investisiya üçün əlverişli şərait yaradıb. Digər bir amil investisiya təşviqidir. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və müxtəlif dövlət orqanları xarici və daxili investorları dəstəkləyir, investisiyaların qorunması və səmərəli idarə olunması üçün müvafiq hüquqi və inzibati şərtlər təqdim edir.

İlham Əliyev müraciətində xüsusi olaraq vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyulub: “Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir. Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir. Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənmişdir: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır”.

Qanunvericilik və hüquqi infrastruktur

Azərbaycan hüquqi mühitin inkişafı ilə də investisiya mühitini yaxşılaşdırıb. 2012-ci ildən etibarən tətbiq edilən bu investisiya məcəlləsi investorların hüquqlarını qorumağa yönəlib və onlara əlavə təminatlar verir. Azərbaycanda sahibkarlıq fəaliyyətinə asanlaşmış yanaşma sayəsində biznes qurma prosedurları sadələşdirilib, dövlət xidməti göstərən bir çox orqanlar artıq elektron sistemlər üzərindən fəaliyyət göstərir. Bəzi sahələrdə investorlar üçün dövlət zəmanətləri təqdim olunur, o cümlədən kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində.

Xarici ticarət və azad ticarət zonaları

Azərbaycan dünya bazarlarına açıqdır, xüsusilə Azad İqtisadi Zonalar (AİZ) və Sərhəd Ticarət Zonaları ilə xarici investisiyalar cəlb edilir. Bu zonalarda investorlar üçün vergi güzəştləri, gömrük prosedurlarının sadələşdirilməsi və digər bir sıra üstünlüklər mövcuddur. Səmərəlilik və əməkdaşlıq imkanları nəticəsində, həm də Azərbaycanın Asiya və Avropa arasında strateji yerləşməsi ilə logistika və ticarət üçün əlverişli bir platformaya çevrilib.

Azərbaycan enerji sahəsində böyük potensiala malikdir və bunun nəticəsində çoxsaylı investisiya imkanları yaranıb. Xəzər regionunda enerji layihələrinə sərmayə yatırılması davam edir. Burada əsasən neft-qaz sektorunda sərmayə qoyuluşu cəlb olunur. Həmçinin, bərpa olunan enerji sahəsindəki investisiya imkanları da artmaqdadır. Azərbaycanın günəş və külək enerjisi potensialı böyükdür, bu səbəbdən müvafiq layihələr inkişaf etdirilir.

Azərbaycanın nəqliyyat infrastrukturu, xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi strateji layihələr ölkənin nəqliyyat və logistika sahəsində investorlar üçün böyük imkanlar yaradır. Azərbaycan müxtəlif sektorlarda fəaliyyət göstərən investorlara müxtəlif təşviq proqramları təqdim edir. Bunlar arasında ixracat və yerli istehsalın artırılması üçün dövlətin investorlara verdiyi müəyyən maliyyə və vergi dəstəyini göstərmək olar. Banklar və maliyyə qurumları müxtəlif investisiya layihələri üçün sərfəli kredit təklifləri təqdim edirlər.

Ümumilikdə, Azərbaycanın investisiya mühiti son illərdə güclü şəkildə inkişaf edib və investorlar üçün çoxsaylı imkanlar yaradıb. Dövlətin iqtisadi islahatlar siyasəti, vergi güzəştləri, azad ticarət zonaları, enerji və infrastruktur layihələri kimi sahələrdəki təşviqlər ölkənin investisiya mühitini daha da cəlbedici edib.
Ölkəmizdə aparılan islahatlar davamlı iqtisadi inkişafı və maliyyə imkanlarının artmasını şərtləndirir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafına, həmçinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açan mühüm layihələrin icrasını stimullaşdırır, investisiya imkanlarını genişlənir, ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artmasına səbəb olur. Hədəf bəllidir, Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olduğunu dünyaya nümayiş etdirmək.

Mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini ilbəil artırır. Bunun nəticəsi olaraq hökumət investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə nəzərəçarpacaq göstəricilərə imza atıb. Dünyadakı qlobal geosiyasi təlatümlərin davam etdiyi şəraitdə Azərbaycanın yüksək kredit reytinqlərini, investisiya cəlbediciliyini qoruyub saxlaması, ilk növbədə, uzun illər ərzində reallaşdırılan qanunverici-institusional tədbirlərin nəticəsidir.

2003-cü ildə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu da bu prosesdə öz sözünü deyir. Ümumiyyətlə, son 15 ildə sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması, lisenziyaların sayının 240-dan 30-dək azaldılması, elektron xidmətlərin geniş tətbiqi, sahibkarlıq subyektlərinin infrastruktur təminatının yaxşılaşdırılması, vergi və gömrük orqanlarında şəffaflaşdırma və digər tədbirlərin nəticəsi olaraq əldə edilmiş uğurlar dünyanın reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Təkcə onu demək kifayətdir ki, postmüharibə dövründə bu ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə 1100-ə yaxın müraciət daxil olub. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz vasitəsilə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir tələblərə cavab verən nəqliyyat arteriyası sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. O cümlədən xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Azərbaycan bütün təşəbbüslərə açıqdır, iş adamlarına fəaliyyət imkanları yaradır və bütün səmərəli layihələri daim dəstəkləyir. Prezidentimizin də qeyd etdiyi kimi, bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Əsas məqsəd innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir.

“Səs” Analitik Qrupu