"Azərbaycanın üçrəngli bayrağı hər bir yerdə şərəflə dalğalanmağa başlandı” - DEPUTAT DANIŞDI

22 Sentyabr 2025 17:21 (UTC+04:00)

“Otuz il ərzində torpaqlarından köçkün və qaçqın düşən insanlarımız həyatlarını ən ağır günlərini yaşadılar, amma ümidlərini üzmədilər. Ulu Öndər Heydər Əliyev qaçqın və köçkünlərlə çıxışlarında, xarici nümayəndə heyətini qəbul edəndə əminliklə deyirdi ki, Azərbaycan öz tarixi torpaqlarını heç vaxt düşmənə verməyəcək və o torpaqlarda yenidən azərbaycanlılar yaşayacaq. Ona görə də 2003-cü ildən sonra hakimiyyət gələn cənab Prezident İlham Əliyev sülh yolu ilə torpaqları qaytarmaq istəməsələr, hərb yolu ilə öz torpaqlarımızı geri alacağımızı bildirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

O bildirib ki, ölkə başçısı on yeddi illik hakimiyyəti dövründə Azərbaycan xalqını dəmir yumruğa çevirdi, güclü iqtisadiyyat yaratdı və problemin tarixini dünyaya çatdırdı: “Nəhayət on yeddi illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrı qalmadı. Beləliklə, 2020-ci ilin sentyabrında Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən torpaqlarını azad etməyə başladı. Bu qəhrəmanlıq, şərəf tarixidir. Bu qələbə Azərbaycan xalqını dünyanın gözündə nəhəng bir gücə çevirdi, məğlub olan Azərbaycan imicini darmadağın etdi. 44 günlük Vətən müharibəsi ərzində Ali Baş Komandanın bütün əmrləri əsgərlərimiz tərəfindən qəhrəmancasına yerinə yetirildi. Nəhayət, 2020-ci il noyabrın 9-da düşmən danışıqsız təslim oldu, darmadağın edildi. Beləliklə də dünyada bir qalib dövlətin daha adı siyahıya salındı. 27 sentyabr bütün dünyaya bəyan etdi ki, Azərbaycan uzun illər ərzində müharibə olmaması üçün sülh təklif etsə də, Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsinə səs vermədilər.
2023-cü ilin 19-20 setyabr tarixində bir günlük anti-terror tədbirləri nəticəsində 100 il əvvəl Azərbaycan torpaqlarında əsası qoyulan separatçı rejimi, yəni Dağlıq Qarabağ muxtar qurumu tarixi sildi və Azərbaycanın üçrəngli bayrağı hər bir yerdə şərəflə dalğalanmağa başlandı”.