Son zamanlarda cəmiyyətdə belə bir fikir formalaşıb ki, adında immun sözü olan dərmanlar immuneti zəiflədir. Ümumiyyətlə uşaqların immuniteti gücləndirmək üçün bu dərmanlar həqiqətən təsir edir? Bundan əlavə uşaqların immunitetini qaldırmaq üçün başqa hansı üsullar var?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev SİA-ya açıqlamasında bildirib ki, apteklərdə müxtəlif adlarda “immun”, “immunal”, “immunforte” tipli preparatlar satılır.
Onun sözlərinə görə, valideynlər çox vaxt düşünür ki, bu dərmanlar uşağın immunitetini gücləndirəcək: "Bu preparatların çoxu bitki mənşəli əlavə və ya vitamin kompleksidir. Klinik sınaqlarla uşaqlarda immuniteti əhəmiyyətli dərəcədə artırdığı sübut edilməyib. Hətta bəzi hallarda, immun sistemi stimullaşdırmaq əks təsir göstərə və immunitetin balansını poza bilər. Ən önəmlisi – əgər uşağın tez-tez xəstələnməsinin səbəbi allergiya, xroniki infeksiya və ya genetik immunçatışmazlıqdırsa, bu tip dərmanlar vəziyyəti düzəltmir, sadəcə vaxt itkisidir. Nəticə etibarilə adında “immun” sözü olan dərmanların çoxu elmi baxımdan təsdiqlənmiş immun gücləndirici vasitə deyil. Onları pediatr məsləhəti olmadan vermək düzgün deyil.
Uşaqların immunitetini gücləndirməyin təsdiqlənmiş yolları var. Günlük rasionda təzə meyvə, tərəvəz, protein (ət, balıq, yumurta), süd məhsulları olmalıdır. Dəmir, sink, D vitamini, Omega-3 immun sistem üçün vacibdir. Fast-food, qazlı içkilər, şirniyyatdan çox istifadə immuniteti zəiflədir. Kiçik yaşlı uşaqlar gündə 10–12 saat, məktəblilər isə ən azı 9–10 saat yatmalıdır. Yuxu çatışmazlığı immun hüceyrələrin fəaliyyətini zəiflədir. Günlük gəzinti, açıq havada oyunlar immuniteti möhkəmləndirir. Passiv həyat tərzi və ekran qarşısında uzun müddət vaxt keçirmək immun sistemini zəiflədir. Əllərin düzgün yuyulması, şəxsi gigiyenaya əməl olunması virus və bakteriyaların yoluxma riskini azaldır. Məktəb və bağçada dezinfeksiya, otaqların tez-tez havalandırılması vacibdir.
Peyvəndlər immun sistemin ən güclü qoruyucu vasitəsidir. Uşaqlar mütləq Milli İmmunizasiya Təqviminə uyğun peyvənd olunmalıdır. Stress hormonları immun sistemi zəiflədir. Uşağın psixoloji rifahı da immunitet qədər önəmlidir. “İmmun” adlı dərmanlara kor-koranə güvənmək olmaz. Onların əksəriyyəti təsdiqlənmiş müalicəvi effekt daşımır. Əsl immunitet gücləndirilməsi sağlam həyat tərzi, balanslı qidalanma, düzgün yuxu, gigiyena və peyvəndlərlə mümkündür. Uşağın çox tez-tez xəstələnməsi dərhal həkimlə müzakirə olunmalıdır".