"Azərbaycan enerji sektorunda ənənəvi sahələrlə yanaşı, innovativ istiqamətlərin də inkişafını prioritet hesab edir. Son illər ölkə regionda yaşıl enerjiyə ən çox investisiya cəlb edən dövlətlərdən biri kimi ön plana çıxır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, statistikaya görə, bu sahəyə 1 milyard dollardan artıq sərmaya yatırılıb. Hökümət tərəfindən qəbul olunan inkişaf proqramları, həmçinin inşaat nazirliyinin dəstəyi ilə yaşıl enerji layihələrinin maliyələşdirilməsi davam edir: "Xüsusilə Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi formalaşdırılır və bu istiqamətdə işlər intensiv şəkildə aparılır. Azərbaycan eyni zamanda, 2024-cü ildə keçriləcək COP29-a ev sahibliyi edərək qlobal enerji siyasətində mühüm rol oynayır. Ölkə qarşıya konkret hədəflər qoyub.
2030-cu ilədək enerji istehsalında bərpa olunan mənbələrin payını 35%-ə çatdırmaq, karbon emissiyalarını isə 40%-dək azaltmaqdır. Bu strategiya nəticəsində Azərbaycan yalnız enerji istehlakçısı deyil, həm də Avropaya yaşıl enerji ixrac edən ölkə kimi mövqeyini gücləndirmək niyyətindədir. 2027-ci ildən etibarən Gürcüstan və Qara dəniz üzərindən əsasən Şərqi Avropaya elektrik enerjisi ixracı planlaşdırır. Bundan əlavə, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Birgə layihələr çərçivəsində “Ağıllı şəhər” və bərpaolunan enerji investisiyaları həyata keçrilir. Bu Azərbaycanı regionda ən çox yaşıl enerji sərmayəsi qəbul edən ölkələrdən birinə çevririr və üçtərəfli əməkdaşlıq formatında yeni imkanlar yaradır".