“Müasir tibbin əsas istiqamətlərindən biri qadın sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova bildirmişdir.”
O qeyd edib ki, bu məqsədlə mütamadi olaraq profilaktik müayinələrin keçrilməsi xüsusi əhəmiyyət daşıyır: “Müayinələrin tezliyi yaş quruplarına görə müəyyənləşdirilir. 35 yaşına qədər qadınlar üçün müayinə könüllü xarakter daşıyır, 35-45 yaş aralığında hər 2-3 ildən bir müayinə aparılması tövsiyyə olunur. 45-55 yaşdan yuxarı qadınlarda isə daha mütəmadi müayinələr zəruri hesab olunur.
Aparılan əsas müayinələrə vaginal müayinələr, kolposkopiya, qan şəkərinin təyini və süd vəzilərinin müayinəsi daxildir. Bu müayinələrin üstünlüyü ondan ibarətdir ki, onlar həm fakultətiv ( yəni bəzən onkologiyaya keçə bilən), həm də obliqativ (mütləq onkologiyaya çevrilən) xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan verir. Xüsusilə uşaqlıq boynunda, uşaqlıq yolunda, vulvada yaranan eroziyalar, ektopiyalar və digər patoloji dəyişikliklərin vaxtında müəyyən edilməsi, xəstəliyin gedişatının qarşısını almağa və radikal müalicə tədbirlərinin həyata keçrilməsinə şərait yaradır. Erkən diaqnostika nəticəsində həm xəstəliyin müalicəsi asan olur, həm də ölüm hallarının qarşısı alınır. Bu baxımdan profilaktik müayinələr qadın sağlamlığının qorunmasında və onkoloji xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır”.