"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan Respublikası arasında mövcud olan münasibətlər hər zaman qarşılıqlı hörmət və strateji maraqlar əsasında inkişaf edib. İki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq son illərdə daha da dərinləşərək yeni bir mərhələyə qədəm qoyub". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin BƏƏ-yə etdiyi rəsmi və işgüzar səfərlər, habelə BƏƏ-nin dövlət rəhbərliyi və yüksək səviyyəli nümayəndələrinin Azərbaycana etdiyi səfərlər bu münasibətlərin nə qədər dərin və etibarlı olduğunu nümayiş etdirir:
"BƏƏ Azərbaycanın bir sıra mühüm sahələrdə, xüsusilə enerji sektorunda ən etibarlı tərəfdaşlarından biridir. Tərəflər arasında birgə enerji layihələrinin reallaşdırılması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində atılan addımlar regional miqyasda da ciddi əhəmiyyət kəsb edir. BƏƏ-nin yaşıl enerji sahəsində böyük təcrübəyə malik olması və Azərbaycanın bu sahəyə ciddi şəkildə fokuslanması yeni strateji əməkdaşlıq imkanlarını ortaya çıxarır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın milli prioritetlərindən biridir. Bu ərazilərin bərpası, infrastrukturun yenidən qurulması, tarixi və mədəni irsin dirçəldilməsi istiqamətində görülən işlər təkcə daxili deyil, həm də beynəlxalq səviyyədə geniş maraq doğurur. BƏƏ-nin bu proseslərə cəlb olunması, xüsusilə də yaşıl enerji layihələrində iştirakı, regionun gələcək inkişafı baxımından olduqca vacibdir. Yaşıl enerji istehsalı üçün Qarabağ və Şərqi Zəngəzurda böyük potensial mövcuddur. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı enerji sistemlərinin yaradılması yalnız bu bölgənin deyil, ümumilikdə Azərbaycanın enerji xəritəsinin modernləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycanın təşəbbüsü ilə yaradılan Zəngəzur dəhlizi və digər regional nəqliyyat xətləri də ərəb dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu layihələr, BƏƏ ilə Azərbaycanın ticarət əlaqələrinin genişlənməsinə və bütövlükdə müsəlman dünyasında yeni iqtisadi inteqrasiya modellərinin formalaşmasına imkan yaradacaq. Nəticə olaraq, BƏƏ ilə Azərbaycan arasında münasibətlər təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi və mədəni əsaslara söykənir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu münasibətlərin daha da dərinləşməsi, İslam həmrəyliyinin güclənməsi və regionun dayanıqlı inkişafı baxımından əvəzolunmaz rol oynayır. Bu səfər və qarşıdan gələn əməkdaşlıq mərhələsi həm iki ölkə, həm də bütün İslam dünyası üçün yeni üfüqlər açacaq".