Azərbaycanın İsraildəki səfirliyi tərəfindən Təl-Əvivdə Dövlət Suverenliyi Günü və Anım Günü ilə bağlı tədbir təşkil olunub. Səfirlikdən SİA-ya bildiriblər ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfir Muxtar Məmmədov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə, Ordumuzun qəhrəmanlığı, müharibənin ilk günündən başlayaraq daim yanımızda olan qardaş Türkiyənin və İsrailin göstərdiyi dəstək, eyni zamanda, 2023-cü il sentyabrın 20-də ölkəmizin öz suverenliyini tam bərpa etməsi, bununla da münaqişəyə son qoyulması və bütün regionun inkişafı üçün yeni imkanların açılması barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra İkinci Qarabağ müharibəsinin iştirakçısı Ələkbər Nəsirovun xatirələrini lentə almış Leyli Məhərrəmin “Söz” qısametrajlı sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Roma və Los Anceles film festivallarının mükafatçısı olan “Söz” filmi Baku TV-nin istehsalı ilə ərsəyə gəlib.