Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən silsilə tədbirlər təşkil olunub. Şirvanşahlar Sarayı Kompleksində Cahangir Cahangirov adına Xor kollektivi, əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə çıxış edərək dahi bəstəkarın əsərlərindən seçmələr təqdim edib. Nümayiş olunan “Leyli və Məcnun” operasından və digər sənət əsərlərindən səhnəciklər tamaşaçılara həm musiqi, həm də teatr sənətinin harmoniyasını yaşadıb. SİA xəbər verir ki, silsilə tədbirlərin davamı kimi isə Bakı Fotoqrafiya Evində keçirilən “Əbədi gözəllik” musiqi axşamı olub, burada Bakı Musiqi Akademiyasının məzunları milli musiqi irsinin zənginliyini nümayiş etdiriblər. Musiqi Bayramının son mərhələsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının konsertində ölməz əsərlərin ifaları ilə başa çatıb.
İçərişəhərdə gerçəkləşən silsilə tədbirlər Üzeyir Hacıbəylinin musiqi irsini bir daha ucaldaraq şəhərin tarixi məkanlarını canlı musiqi bayramının ünvanına çevirib.