Ondan çox özbək Ukraynada işgəncələrə və əsarətə məruz qalıb...

21 Sentyabr 2025 23:24 (UTC+04:00)

...Özbəklərin zorla saxlanması ilə bağlı Daşkənd və Kiyev arasında diplomatik qalmaqal yaranıb.

SİA xəbər verir ki, Asiya respublikasının Kiyevdəki səfirliyinin mətbuat xidmətinin məlumatına görə, Özbəkistan artıq ondan çox həmyerlisinin zorla saxlanması ilə bağlı Ukraynaya etiraz notaları göndərib və onların vətənlərinə qayıtmasını asanlaşdırmağa hazır olduğunu bildirib.

Bundan əvvəl Ukrayna prokurorluğu 13 özbək vətəndaşını aldadaraq Ukrayna ərazisinə cəlb edərək onları qeyri-insani şəraitdə qul kimi saxlayan dörd nəfərin – Çin, Özbəkistan və Ukrayna vətəndaşlarının tutulması barədə məlumat yayıb. Təqsirləndirilən şəxslər insanlığa qarşı xüsusi qəddarlıqla törədilmiş cinayətdə ittiham olunurlar.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ilə bağlı məlumat verilmir.

Özbəkistan Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin pis olması səbəbindən Ukraynaya səfər etməmək barədə tövsiyəsini təkrarlayıb.

Yeri gəlmişkən, bundan əvvəl Vladivostok polisi Özbəkistan vətəndaşlarına hücumla bağlı yeniyetmələri saxlayıb.

Əli Babayev