Qazaxıstanda “Silk Way Star” vokal müsabiqəsinin premyerası keçirilib

21 Sentyabr 2025 05:36 (UTC+04:00)

Qazaxıstanın “Jibek Joly” telekanalında ilk beynəlxalq “Silk Way Star” vokal müsabiqəsinin premyerası reallaşıb. SİA xəbər verir ki, müsabiqədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digər ölkələrin nümayəndələri iştirak edir.

Bu, Asiyada keçirilən ilk vokal müsabiqədir və Astanada təşkil olunur. Azərbaycanı yarışmada müğənni və aktrisa, “Azərbaycanın Səsi” layihəsinin yarımfinalçısı Səbinə Quluzadə (Sabina Zadeh) təmsil edir.

Musiqili şounun çəkilişlərinə bu il avqustun 20-də start verilib.

“Silk Way Star”ın böyük finalı noyabrın 22-də keçiriləcək və ilin ən yaddaqalan musiqi hadisələrindən birinə çevriləcəyi gözlənilir. Final beynəlxalq live-şou formatında “Jibek Joly/Silk Way” telekanalı və iştirakçı ölkələrin aparıcı telekanallarında canlı yayımlanacaq.

Qalib “Silk Way Star”ın unikal titulunu qazanacaq və öz yaradıcılığını dünya səhnəsində təqdim etmək imkanı əldə edəcək.