FHN-in xilasediciləri bağlı qapı arxasında qalan azyaşlıları xilas edib

20 Sentyabr 2025 12:41 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü və 2024-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.