20 sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə İçərişəhərdə tarix və gəncliyi birləşdirən “Bakı Kvest 2025|İçərişəhər” layihəsi keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Gənclər Fondu təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Gənc Könüllülər” İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən çempionatda 36 komanda və 540 gənc iştirak edib. SİA xəbər verir ki, Qoşa Qala meydanında açılış mərasimi baş tutan kvest çempionatı gənclərdə həm komanda ruhunu, strateji düşüncəni və tarixə marağı gücləndirmək, həm də könüllülük fəaliyyətini təşviq etmək məqsədini daşıyıb.
Cənubi Qafqazın ən böyük Kvest Çempionatının marşrutu gənclərə İçərişəhərin dar küçələrini, memarlıq incilərini və tarixi abidələrini fərqli prizmadan kəşf etmək imkanı yaradıb. Tapşırıqlar İçərişəhərin məhşur və çox az tanınan, lakin tarixi baxımdan mühüm obyektlərini əhatə edərək gəncləri keçmişə səyahət etdirib.
İntellektual mübarizənin sonunda çempionatın qalibi olan gənc tələbə və könüllülər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev tərəfindən kubok, medal və xüsusi mükafatlarla təltif olunublar.
Yekunda gənclərin sevimli müğənnilərinin iştirakı ilə konsert proqramı təşkil edilib.