“Dövlət Suverenliyi Gününün regional və beynəlxalq təsirləri diplomatik jestlərlə məhdudlaşmır - bu gün Azərbaycanın geosiyasi mövqeyinin yenidən kodlanması və beynəlxalq güc balansında yeni statusla çıxış etməsi anlamına gəlir. Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatçı rejimin ləğvi və dövlət hakimiyyətinin tam bərpası regionda “postmünaqişə dövrü”nün bitdiyini elan etdi. Bu, yalnız daxili suverenliyin təminatı deyil, həm də regional güc mərkəzi kimi Azərbaycanın yeni davranış modelinin formalaşması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, artıq Azərbaycan öz sərhədlərindəki sabitliyi təmin etməklə yanaşı Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının aktiv qurucusuna çevrilib: “Separatçıların ləğvi və konstitusiya quruluşunun bərpası Ermənistanın uzun illər boyu yaratdığı “status mübahisəsi”ni hüquqi və faktiki olaraq bitirmiş oldu. Bu, həm də beynəlxalq təşkilatların - xüsusilə BMT, ATƏT və Avropa İttifaqının - regiona dair mövcud yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edir. Artıq “münaqişə tərəfləri” deyil, “suveren dövlət və qonşu ölkə” çərçivəsində yeni diplomatik dil formalaşır.
Dövlət Suverenliyi Günü həm də Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik rolunu gücləndirir. Qarabağda tam suverenliyin bərpası Azərbaycanın regional təşəbbüslərdə daha sərbəst və prinsipial davranmasına imkan verir. Bu, Zəngəzur dəhlizi, enerji diplomatiyası və nəqliyyat marşrutları kontekstində Bakının strateji çəkisini artırır. Eyni zamanda, bu gün Türkiyə ilə hərbi-siyasi ittifaqın dərinləşməsi, Mərkəzi Asiya ilə inteqrasiya və Şərq-Qərb platformalarında balanslı mövqe üçün ideoloji dayaq rolunu oynayır.
Beynəlxalq miqyasda isə Dövlət Suverenliyi Günü, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edən nadir ölkələrdən biri kimi tanınmasına səbəb olur. Bu, beynəlxalq hüququn yalnız kağız üzərində deyil, real güc və iradə ilə təmin oluna biləcəyini göstərən presedentdir. Beləliklə, Azərbaycan öz suverenliyini bərpa etməklə həm də beynəlxalq sistemə “məsuliyyətli aktor” mesajı verir - investisiya mühitindən tutmuş diplomatik etibara qədər bir çox sahədə təsirli olur.
Dövlət Suverenliyi Günü, həm də ideoloji və informasiya müharibəsində üstünlük əldə etməyin alətinə çevrilir. Azərbaycanın bu günü qeyd etməsi informasiya məkanında “işğalçı və separatçı” narrativlərinə qarşı güclü ideoloji cavabdır. Bu, həm daxili konsolidasiya, həm də xarici auditoriyaya ünvanlanmış strateji mesajdır: “Azərbaycan yalnız torpaqlarını deyil, həqiqətini də geri aldı".