"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının təməl daşı “Əsrin Müqaviləsi” sayılır. Bu strategiyanın mahiyyəti yalnız neft hasil edib satmaqdan ibarət deyildi, daha geniş bir dövlət konsepsiyası idi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
Samir Heydərov sözlərinə belə davam edib: “Heydər Əliyevin neft strategiyasının əsasları xarici sərmayələrin cəlbi və beynəlxalq əməkdaşlıq, enerji resurslarının milli mənafelərə xidmət etməsi, neftdən gələn vəsaitin qeyri-neft sektoruna və sosial inkişaf layihələrinə yönəldilməsi, enerji ixrac marşrutlarının şaxələndirilməsi və strateji müstəqillik ilə təhlükəsizliyin möhkəmləndirilməsindən ibarət idi. Tarixi retrospektiv baxımdan Azərbaycan nefti dünya sənayesinin inkişafında mühüm yer tutmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı dünyanın əsas neft mərkəzlərindən biri idi. Nobel qardaşları, Rotşildlər kimi iri şirkətlər burada fəaliyyət göstərirdi. Sovet dövründə Bakı nefti II Dünya Müharibəsində SSRİ ordusunun yanacaq təminatında həlledici rol oynadı. Bu, Azərbaycan neftçilərinin strateji əhəmiyyətini bir daha göstərdi.
Müstəqillik dövrü və “Əsrin Müqaviləsi” Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. 20 sentyabr 1994-cü ildə bağlanan bu müqavilə Azərbaycanın iqtisadi inkişafına təkan verdi. Xarici sərmayələrin cəlb edilməsi ilə Xəzərin neft-qaz ehtiyatlarının istismarı başlandı və ölkənin müstəqil enerji siyasətinin əsası qoyuldu. Buna görə də Neftçilər Günü məhz həmin tarixi hadisə ilə bağlı qeyd olunur.
20 sentyabr – Neftçilər Günü Azərbaycanın həm tarixi irsini, həm də bu günkü enerji siyasətini simvolizə edir. Bu gün ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində və strateji müstəqilliyinin möhkəmlənməsində mühüm rəmzi və praktiki əhəmiyyət daşıyır. Azərbaycan təkcə özünü təmin etmir, həm də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi və digər kəmərlər bunun bariz nümunəsidir. Neft və qazdan əldə olunan gəlirlər Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirir, dövlətin siyasi manevr imkanlarını genişləndirir. Bu resurslar infrastruktur, sosial layihələr və qeyri-neft sektorunun inkişafına yönəldilir. 1994–2018-ci illər ərzində Azəri-Çıraq-Günəşli yatağından Dövlət Neft Fonduna 137 milyard 446 milyon ABŞ dolları vəsait daxil olmuşdur. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları üçün isə 100 milyard manatdan çox vəsait investisiya şəklində qoyulmuşdur".