ATU-da yeni laboratoriya və ixtisaslaşmış auditoriya istifadəyə verilib

19 Sentyabr 2025 10:23 (UTC+04:00)

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni ixtisaslaşmış auditoriya və laboratoriyanın açılışı olub. Universitetdən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, ATU-nun rektoru, dosent Yaşar Ömərov yeni tədris otaqları ilə tanışlıq zamanı bildirib ki, yeni laboratoriya və auditoriyaların yaradılması tələbələrin praktik hazırlıqlarının gücləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına imkan verəcək.

BP şirkətinin dəstəyi ilə istifadəyə verilən, Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriya iki hissədən ibarətdir. Laboratoriyanın bir hissəsi 12 kompüter, köməkçi heyət üçün nəzərdə tutulan digər hissəsi isə 5 kompüterlə təchiz edilib. Hər iki otaq müasir mebel avadanlıqları ilə tam təmin olunub.

Açılışı olan digər otaq isə “Coca-Cola” şirkətinin dəstəyi ilə ərsəyə gəlib. Qida mühəndisliyi və ekspertiza kafedrasının nəzdində fəaliyyət göstərəcək auditoriya 15 notbuk və zəruri avadanlıqlarla təchiz edilib.