Müəllimə hörmət və unudulan dəyərlər

18 Sentyabr 2025 22:06 (UTC+04:00)

Son illər cəmiyyətdə müəllimə qarşı təzyiqin ağırlığı açıq şəkildə özünü büruzə verir. Sosial mediada yayılan xəbərlər də göstərir ki, bəzi şagirdlər sinifdə müəllimləri təhqir edir, müəllimin sərt reaksiyası isə dərhal telefona çəkilir və şişirdilmiş formada ictimaiyyətə təqdim olunur. Nəticədə müəllimlər ruhdan düşür, öz peşəsinə olan inamlarını itirir və məktəb mühiti getdikcə daha gərgin bir müstəviyə çevrilir.

Düşündürücü sual meydana çıxır, müəllim kimdir? Düşünmədən, tərəddüd etmədən söyləmək olar ki, müəllim bizə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən, bəzən ikinci valideyn rolunu oynayan insandır. Hər uşaq evdə valideynindən müəyyən ölçüdə tənbeh alır, amma çox təəssüflər olsun ki, müəllim məktəbdə şagirdə irad bildirən kimi dərhal valideynlərin hücumuna məruz qalır. Bu isə müəllimlərin işini getdikcə çətinləşdirir və onları psixoloji cəhətdən sarsıdır.

80–90-cı illərdə müəllimlər tələbələrə müəyyən sərtlik göstərə bilərdi, amma valideynlər bunu normal qarşılayar, müəllimə hörmət göstərərdilər. Məhz bu yanaşma sayəsində həmin dövrün müəllimləri bir ömür tələbələrin hörmətini və sevgisini qazanardılar. Müəllim–şagird münasibətləri həm nizam, həm də etibar üzərində qurulmuşdu. Bugünkü vəziyyət isə tamamilə fərqlidir: məktəblərdə münasibət xaotikdir, müəllimlər tələbələr qarşısında daim aciz vəziyyətdə olurlar. Söz desələr dərd, deməsələr başqa bir dərd.

Bu gedişatın nəticəsi olaraq məktəblərdə şiddət artır, qarşıdurmalar gündəlik hal alır. Müəllimlər cəmiyyətdə dəstək görmədikləri üçün özlərini qorumağa, eyni zamanda şagirdlərin davranışlarını nizamlamaq istərkən təzyiqlə üzləşməməyə çalışırlar. Bu, yalnız məktəbdəki nizam-intizam problemini deyil, həm də təhsil keyfiyyətini təhlükəyə atır.

Müəllimin önəmi

Müəllim yalnız tədris edən deyil, o, bir uşağın düşüncə tərzini, həyatına baxışını və gələcəkdə cəmiyyətdəki rolu üçün əsaslarını formalaşdıran şəxsdir. Müəllim həm biliyi, həm də əxlaqı öyrədir, şagirlərə məsuliyyət, əməksevərlik və əxlaqi dəyərləri aşılayır. Təsəvvür edin, hər bir müəllim sinifdə yalnız bilik vermir, həm də uşaqların emosional inkişafına təsir göstərir. Müəllimlərin göstərdiyi səbr, diqqət və düzgün yönləndirmə uşaqların gələcəkdəki davranışlarını müəyyən edir. Onlar tələbələrin yalnız dərsə hazırlaşmasını yox, eyni zamanda cəmiyyətdə layiqli və hörmətli vətəndaş olmasını təmin edir.

Müəllim həm də sosial bərabərliyi təmin edən vacib fiqurdur. Maddi imkanları məhdud ailələrdə böyüyən uşaqlar müəllimin dəstəyini və rəhbərliyini aldıqda, onlar təhsildə daha uğurlu olurlar. Müəllimin rolu sadəcə siniflə məhdudlaşmır, cəmiyyətin gələcəyini qurmaqda birbaşa iştirak edir.

Cəmiyyətin və valideynlərin vəzifəsi
Müəllimlərə hörmət və dəstək göstərmək yalnız təhsilə qarşı hörmət deyil, həm də gələcəyimizə yatırım deməkdir. Valideynlər və cəmiyyət müəllimlərin sərtliyini başa düşməli, onları təhqir etmək və alçaltmaq əvəzinə onunla əməkdaşlıq etməlidir. Məktəblərdə şiddət və qarşıdurmaların qarşısını almaq üçün yalnız polisin nəzarəti zəruriyətə çevrilib. Əsas məsələ müəllimlərin peşə şərəfinin qorunması və onların ətrafında hörmətli bir mühitin yaradılmasıdır.

Gələcək nəsillərimizin savadlı, əxlaqlı və məsuliyyətli böyüməsi müəllimlərin sabit, dəstəklənmiş və motivasiyalı olması ilə birbaşa bağlıdır. Müəllimlərə sahib çıxmaq artıq bir seçim deyil, cəmiyyətin əsas vəzifəsinə çevrilməlidir. Əks halda, məktəb divarları içində baş verən aqressiya və qarşıdurmalar gələcəyimizə də ciddi zərbə vura bilər.

Vüqar VƏLİYEV